Finss.az xəbər verir ki, ilkin rəsmi məlumatlara əsasən, İsveçrə iqtisadiyyatı 2025-ci ilin üçüncü rübündə əvvəlki rüblə müqayisədə 0,5% azalma qeydə alıb. Bu göstərici 2023-cü ilin ikinci rübündən bəri ölkənin ÜDM-də müşahidə olunan ilk iqtisadi geriləmə kimi qiymətləndirilir.
İqtisadi azalmanın əsas səbəbi ABŞ-la ticarət münaqişəsi olub. Xatırladaq ki, avqust ayında ABŞ İsveçrə idxalına 39%-lik əlavə tarif tətbiq etmişdi və bu, inkişaf etmiş iqtisadiyyatlar arasında ən yüksək tarif hesab olunurdu. Gərginlikdən sonra iki ölkə arasında ticarət razılaşması əldə edilib və tarif 15%-ə endirilib, lakin yüksək tariflərin təsiri üçüncü rüb nəticələrində özünü göstərib.
Bununla yanaşı, İsveçrə iqtisadiyyatı ilin əvvəlində daha müsbət dinamika nümayiş etdirib. Ölkənin ÜDM-i aprel–iyun aylarında 0,1% artım göstərmişdi. Ekspertlərə görə, tariflərin yumşaldılması və ticarət münasibətlərinin stabilləşməsi növbəti rüblərdə iqtisadi bərpanı sürətləndirə bilər.
