Finss.az - 31 oktyabr 2025-ci il tarixində Qazaxıstanın paytaxtı Astanada keçirilən “Qazaxıstan – akademik təhsil məkanı” adlı Strateji Tərəfdaşlar Forumu təkcə elm və təhsil sahəsində deyil, həm də qlobal miqyasda əməkdaşlıq və düşüncə fəlsəfəsinin yeni mərhələsini nümayiş etdirdi.
Forumda çıxış edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, elmin, təhsilin və texnologiyanın inkişafını bəşəriyyətin gələcəyinin əsas dayağı kimi qiymətləndirdi. Onun sözlərinə görə, bu tədbir sadəcə akademik görüş deyil, dünyanın aparıcı universitetlərini, alimlərini və strateji tərəfdaşlarını birləşdirən intellektual platformadır.
Tədbirdə ABŞ, Çin, Böyük Britaniya, Rusiya, Cənubi Koreya, Azərbaycan və digər ölkələrdən tanınmış elm adamlarının iştirakı forumun beynəlxalq nüfuzunu bir daha təsdiqlədi.
Son illərdə Qazaxıstanda təhsil və elm dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Prezident Tokayevin qeyd etdiyi kimi, 2019-cu ildən bu sahəyə ayrılan vəsait üç dəfə artırılıb, universitetlərin müstəqilliyi genişlənib, “Elm və texnoloji siyasət haqqında yeni qanun” qəbul edilib, Milli Elm və Texnologiya Şurası yaradılıb.
Ən mühüm təşəbbüslərdən biri kimi “Milli Fond – uşaqlara” proqramı qeyd olundu. Layihə hər bir qazax uşağının 18 yaşına qədər dövlət tərəfindən maliyyə dəstəyi almasını nəzərdə tutur və bu vəsait yalnız təhsil və ya mənzil məqsədləri üçün istifadə edilə bilər.
Tokayevin çıxışında xüsusi vurğulanan mövzulardan biri də süni intellektin təhsil sisteminə inteqrasiyası oldu. Artıq Qazaxıstanda AI-Sana proqramı üzrə yarım milyondan çox tələbə təlim keçib, məktəblərdə və universitetlərdə süni intellekt fənni məcburi şəkildə tədris olunur. Prezidentin OpenAI şirkəti ilə əldə etdiyi razılaşma nəticəsində ölkədə ChatGPT əsaslı tədris alətləri sınaqdan keçirilir.
Bu təşəbbüslər Qazaxıstanın qlobal texnoloji trendlərlə ayaqlaşdığını və regionda lider mövqeyə yüksəldiyini göstərir. Hazırda ölkədə 33 xarici universitet filialı fəaliyyət göstərir, 31 mindən çox xarici tələbə təhsil alır. Bu sayın 2029-cu ilə qədər 100 minə çatdırılması planlaşdırılır.
Forumda iştirak edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin çıxışı iki ölkə arasında akademik diplomatiyanın və elmi əməkdaşlığın gücləndiyini nümayiş etdirdi.
Tokayev çıxışında Qazaxıstan elminin banilərindən biri Kanyş Satpayevin sözlərini xatırladaraq bildirdi: “Alim bütün ömrünü xalqına və bəşəriyyətə xidmətə həsr edir.” Bu fikir forumun əsas fəlsəfəsini — elmin insanlığa xidmət missiyasını əks etdirir.
Astanada keçirilən bu möhtəşəm forum bir daha göstərdi ki, Qazaxıstan yalnız iqtisadi gücü ilə deyil, elm, təhsil və texnologiya sahəsində də liderliyə doğru inamla irəliləyir.
Azərbaycan xalqı olaraq biz də bu uğurları böyük sevinc və qürur hissi ilə izləyirik. Türkdilli xalqlar ailəsinin üzvü kimi, Qazaxıstanın hər bir uğuru bizim də uğurumuzdur.
Bu forum münasibətilə qardaş Qazax xalqını səmimi-qəlbdən təbrik edir, onlara elmi nailiyyətlər, sabitlik və rifah arzulayırıq.
Kasım-Jomart Tokayev yalnız bu günün deyil, həm də Qazax xalqının xoşbəxt sabahının memarıdır.
Qəvami Sadıqbəyli
