DÜNYA

25 İyul

Rusiyada taxıl satışında kəskin azalma

Finss.az - 2025-ci ilin iyununda Rusiyada taxıl satışları ötən illə müqayisədə 34,5% azalaraq cəmi 2,8 milyon ton təşkil edib.

Yanvar–iyun dövründə isə ümumi satış 21,5 milyon ton olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 32,9% azalma deməkdir. Mütəxəssislər vəziyyəti "mövsümi boşluq" kimi dəyərləndirirlər: keçən ilin məhsul ehtiyatları tükənib, yeni məhsul isə hələ bazara daxil olmayıb.

Buna baxmayaraq, biçin prosesi aktiv şəkildə davam edir – iyulun 23-nə 11,4 milyon hektarda biçin aparılıb və 37,4 milyon ton məhsul yığılıb. Rusiya Kənd Təsərrüfatı Nazirliyi ümumi illik taxıl və paxlalı məhsul həcmini 135 milyon ton səviyyəsində proqnozlaşdırır.

Regional fərqlər özünü göstərir: Mərkəzi bölgələrdə məhsuldarlıq artsa da, Krasnodar və Rostov bölgələrində quraqlıq səbəbindən geriləmə müşahidə olunur. Əvəzində məhsulun keyfiyyəti yüksəlir – 3-cü sinif buğdanın payı artmaqdadır.

Qiymətlər isə enməkdədir: İyulun 18-nə 3-cü sinif buğdanın tonu orta hesabla 16 450 rubl olub. Son bir ayda bəzi bölgələrdə qiymətlər 250 rubl/tonadək ucuzlaşıb. Qiymətlərə aşağı beynəlxalq qiymətlər, güclü rubl və mövsümi faktorlar təsir edir.

İxrac göstəriciləri sabit qalır – ötən mövsüm 108 ölkəyə 53 milyon ton taxıl göndərilib. Cari ildə isə bu siyahıya 11 yeni ölkə əlavə olunub. Lakin daxili satışlardakı azalmanın istehsalçılar və dövlət gəlirləri üçün risklər yaratdığı bildirilir.

Yeni məhsulun bazara real çıxışı və satış dinamikası avqust-sentyabr aylarında dəqiq bilinəcək.