DÜNYA

17 İyul

Avropada yaşıl enerji keçidinə Niderland təkan verir

Finss.az - Niderlandda qazla çalışan elektrik stansiyalarında enerji istehsalı tarixi minimuma enib.

Bu, Avropada təbii qaz bazarında qiymət artımı gözləyən investorlar üçün növbəti zərbə olub.

Məlumata görə, 2025-ci ilin ilk yarısında qaz elektrik stansiyaları ölkənin enerji tələbatının cəmi 33%-ni qarşılayıb. Halbuki 2000–2020-ci illər arasında bu rəqəm 50%-dən yuxarı idi. Bu dəyişiklik Niderlandın bərpa olunan enerji mənbələrinə keçidini sürətləndirməsi ilə əlaqələndirilir.

Enerji sahəsində ixtisaslaşmış “Ember” analitik mərkəzinin araşdırmasına əsasən, 2022–2024-cü illərdə ölkədə bərpa olunan enerji ilə istehsal 27% artıb. Əsas artım külək (57%) və günəş (34%) enerjisi hesabına baş verib. Nəticədə, 2025-ci ildə təmiz enerji ümumi elektrik istehsalının 57%-ni təşkil edib.

Bu keçid, təbii qaz ixracatçıları – ABŞ, Rusiya və Qətər üçün narahatedici siqnaldır. Belə ki, qaz istehlakında davamlı azalma Avropanın ümumi bazar dinamikasına da təsir edə bilər.

Digər tərəfdən, Niderlandda elektrik enerjisi istehsalında rekord artım qeydə alınıb. LSEG-in məlumatına görə, 2025-ci ilin ilk yarısında ölkədə spot elektrik qiymətləri orta hesabla 90 avro/MWh təşkil edib. Bu göstərici Fransadakı qiymətlərdən yüksək, İtaliya və Şərqi Avropa ölkələri ilə müqayisədə isə daha aşağıdır.

Hazırkı vəziyyət göstərir ki, Niderlandın yaşıl enerjiyə yönəlik strateji addımları təkcə yerli deyil, həm də Avropa qaz bazarının gələcəyi üçün müəyyənedici ola bilər.