DÜNYA

07 İyul

Türkiyə Antalyada əhəmiyyətli sualtı arxeoloji kəşfi açıqlayıb

Antalya sahillərində, Kumluca rayonunun Adrasan qəsəbəsi yaxınlığında, 33-46 metr dərinlikdə qədim Yunan-Helenistik və Roma dövrünə aid gəmi batığı aşkar olunub.

Finss.az xəbər verir ki, içərisində yüzlərlə keramika boşqab, qab və sini saxlayan bu tapıntı, 2 min ildən artıqdır toxunulmamış vəziyyətdə dəniz dibində qalıb və dünya sualtı arxeologiyası üçün böyük əhəmiyyət kəsb edir.

“El Keramikası Batığı” adlandırılan gəmi, Aralıq dənizinin qədim yük daşımalarında geniş istifadə olunan incə qırmızı cilalı Şərq sigillata keramikası ilə zəngin yükə sahibdir. Təxminən 25 müxtəlif dizaynda olan qablar xüsusi qoruyucu təbəqə ilə örtülərək bir-birinin üstünə diqqətlə yığılıb. Bu unikal qablaşdırma texnikası sayəsində keramika parçaları illər boyunca demək olar ki, zərər görmədən qorunub.

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy gəmi batığını yerində incələyərək, tapıntının yalnız ölkə üçün deyil, bəşəriyyətin ümumi mədəni irsi baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Yeni sualtı arxeologiya muzeyi və zəngin turizm potensialı

Antalyanın Kemer–İdyros bölgəsindəki bu önəmli tapıntının dünya ictimaiyyətinə daha geniş təqdimatı üçün bölgədə Aralıq dənizi Sualtı Arxeologiyası üzrə ixtisaslaşmış yeni muzey tikiləcək. Nazir Ersoyun sözlərinə görə, layihənin tikintisinə bu ay başlanacaq və muzey mədəni irsin qorunması sahəsində Türkiyənin uzaqgörən strategiyasını əks etdirəcək.

Bundan başqa, “Gecə Muzeyləri” layihəsi çərçivəsində Antalya Arxeologiya Muzeyi bu yay saat 22:00-a qədər ziyarətçilərə açıq olacaq və xüsusi sualtı arxeologiya bölməsi ilə interaktiv təcrübə təqdim edəcək.

Türkiyə sualtı arxeologiyasında liderliyə doğru

2024-cü il Türkiyədə rəsmi olaraq “Arxeologiyanın Qızıl Dövrü” elan olunub. Ölkədə arxeoloji qazıntıların sayı 2023-cü ildə 765-ə çatıb və bu rəqəmin 2026-cı ilə qədər 800-ə çatdırılması planlaşdırılır.

Türkiyə sualtı arxeologiya sahəsində sistemli işlər apararaq, dənizçilik tarixi üçün yeni perspektivlər açır. Sahil boyu 400-dən çox gəmi batığı aşkarlanıb və alimlərimiz bu kəşfləri həm elmi, həm də turizm potensialı kimi qiymətləndirir.

Dalğıclıq və dəniz turizmi üçün ideal məkan

Türkiyənin Egey və Aralıq dənizi sahilləri əlverişli su temperaturları, sertifikatlı dalğıc mərkəzləri və təcrübəli təlimçiləri ilə dalğıclar üçün cazibədar yerlərdir. Antalyanın Kaş qəsəbəsi dünya üzrə ən yaxşı 10 dalğıc məkanından biri hesab olunur. Muğla bölgələri (Fethiye və Bodrum) və Çanakkalədəki Qallipoli Tarixi Sualtı Parkı da maraqlı istiqamətlər arasındadır.

“El Keramikası Batığı” və digər sualtı tapıntılar Türkiyənin mədəni irsinə yeni dəyər qatır, sualtı arxeologiyanı qlobal səviyyədə önə çıxarır və ölkənin həm elmi, həm də turizm sahəsində mövqeyini möhkəmləndirir.

Fuad Mədətov
Finss.az