Finss.az - Avropa İttifaqı (Aİ) ABŞ-la ticarət sazişinin əsas müddəalarını ABŞ prezidenti Donald Tramp tərəfindən müəyyən edilmiş son tarixə – iyulun 9-na qədər razılaşdırmağı planlaşdırır.
Bu barədə çərşənbə günü Bloomberg agentliyi etibarlı mənbələrə istinadla məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, Aİ üçün ən yaxşı ssenari sazişin əsas müddəalarının 9 iyula qədər tamamlanmasıdır. Bu, tərəflərə növbəti mərhələdə sazişin detalları barədə danışıqları davam etdirməyə imkan verəcək.
Eyni zamanda, Avropa İttifaqı ABŞ-ın Brüsselin maraqlarına uyğun olmayan şərtlər irəli sürə biləcəyindən ehtiyat edərək, mümkün əks tədbirlərin hazırlanmasına başlayıb.
Qeyd edək ki, mayın sonunda ABŞ prezidenti Donald Tramp iyunun 1-dən Avropa İttifaqından idxal olunan mallara 50% gömrük rüsumu tətbiq etməyi tövsiyə etmişdi. Lakin sonradan Avropa Komissiyasının sədri Ursula fon der Layenlə telefon danışığında gömrük rüsumları ilə bağlı razılaşmanın əldə edilməsi üçün Aİ-yə 9 iyula qədər vaxt verilməsi barədə razılıq əldə olunub.