DÜNYA

12 İyun

Neft, qaz və uran ixracında yeni perspektivlər

Finss.az - Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Slovakiyanın baş naziri Robert Fico ilə Astanada keçirilən görüşdən sonra önəmli açıqlamalar verib.

Tokayev bildirib ki, Qazaxıstan Slovakiyaya neft, qaz, uran, ərzaq məhsulları və digər malların ixracına hazırdır. Eyni zamanda, ölkələr arasında energetika, maşınqayırma, kənd təsərrüfatı, rəqəmsallaşma və turizm sahələrində əməkdaşlıq üçün geniş perspektivlər mövcuddur.

Tokayevin sözlərinə görə, Qazaxıstanda artıq 30-dan çox slovak şirkəti fəaliyyət göstərir, böyük slovak biznes nümayəndələrinin iştirakı ilə həyata keçirilən biznes-forum bu əlaqələrin daha da gücləndirilməsi üçün yeni imkanlar yaradacaq. Prezident həmçinin hökumətlərarası komissiyanın səviyyəsinin nazirlər səviyyəsinə yüksəldilməsini təklif edib ki, bu da əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək.

Slovakiyanın baş naziri Robert Fico isə ölkəsinin atom və neft sektorunda əməkdaşlığa hazır olduğunu vurğulayıb. Fico bildirib ki, Slovakiyada 5 reaktor işləyir və yaxın zamanda 6-cı reaktorın da fəaliyyətə başlayacağı gözlənilir. O, həmçinin Rusiya və Belarusdan keçən “Dostluq” koridorundan neft idxalı məsələsinin ekspertlərlə müzakirə ediləcəyini qeyd edib.

Qazaxıstan tərəfi Slovakiyanı Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (TBTD) layihəsində iştirak etməyə dəvət edib. Bu beynəlxalq nəqliyyat dəhlizi Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan vasitəsilə Türkiyə və Avropaya qədər uzanır və strateji əhəmiyyətə malikdir. Layihənin genişlənməsi ikitərəfli ticarət əlaqələrinin inkişafına mühüm töhfə verə bilər.