DÜNYA

10 İyun

Şimali Kiprin Türk dövlətləri ilə əməkdaşlıq üçün imkanları var

Finss.az - Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri ilə iqtisadiyyat, sənaye və ticarət sahələrində əlaqələrin gücləndirilməsi əsas prioritetlərindən biridir.

Bunu Şimali Kipr Türk Respublikasının iqtisadiyyat və enerji naziri Olgun Amcaoğlu Bakıda keçirilən II Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumunda bildirib.

Nazirin sözlərinə görə, Türk dünyasının həm iqtisadi, həm də mənəvi baxımdan bir araya gəlməsi və bu kimi mühüm tədbirlərdə birgə iştirak etməsi bir çox ölkələrə ümid verir:

“Biz də bu məqsədə çatmaq üçün bütün gücümüzlə çalışırıq və çalışmağa davam edəcəyik”.

O vurğulayıb ki, 250 milyona yaxın insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edən Türk dünyası həm böyük iqtisadi potensiala, həm də ortaq mədəniyyətə sahibdir:

“Bu potensialdan enerji, turizm, kənd təsərrüfatı kimi sahələrdə səmərəli əməkdaşlıq üçün imkanlar mövcuddur. Xüsusilə Türkiyə Cümhuriyyətinin liderliyi və Azərbaycanla ortaq baxış çərçivəsində, qarşılıqlı milli maraqlar nəzərə alınmaqla formalaşdırılacaq strategiyalar bu əməkdaşlığı daha da möhkəmləndirəcək. Gələcəkdə isə bu birlik rəqəmsallaşma və yüksək texnologiyalar sahəsində Türk dövlətlərinin gücünü daha da artıracaq”.