Finss.az - Böyük Britaniyada İşsizlik Səviyyəsi fevral-aprel aylarında yanvar-mart dövründəki 4.5%-dən 4.6%-ə qədər yüksəlib. Bu barədə ölkənin Milli Statistika İdarəsinin (ONS) təqdim etdiyi məlumatda bildirilir.
Göstərici analitiklərin proqnozları ilə üst-üstə düşüb.
Fevral-aprel aylarında 16 yaşdan yuxarı işsizlərin orta sayı 1.64 milyon nəfər təşkil edib ki, bu da noyabr-yanvar dövrü ilə müqayisədə 95 min, ötən ilin eyni dövrü ilə müqayisədə isə 116 min nəfər çox deməkdir.
Eyni zamanda, fevral-aprel aylarında 16 yaşdan yuxarı məşğul britaniyalıların orta sayı illik ifadədə 667 min nəfər artaraq 34.011 milyon nəfərə çatıb. 16-64 yaş arası əhali arasında məşğulluq səviyyəsi isə 75.1% təşkil edib.
Aprel ayında muzdla çalışanların sayı mart ayı ilə müqayisədə 55 min nəfər (0.2%), ötən ilin aprel ayı ilə müqayisədə isə 115 min nəfər (0.4%) azalıb.
May ayında ilkin hesablamalara görə, muzdla çalışanların sayı aylıq ifadədə 109 min, illik ifadədə isə 274 min nəfər azalıb və 30.2 milyon nəfər təşkil edib.
Fevral-aprel dövründə Böyük Britaniyada orta əmək haqqı artımı (bonuslarla birlikdə) illik ifadədə 5.3% təşkil edib, halbuki proqnoz 5.5% idi. Bonuslar nəzərə alınmadan artım 5.2% təşkil edib, analitiklər isə 5.4%-lik nəticə proqnozlaşdırmışdılar.
Göstəricilərin dərc olunması fonunda GBPUSD valyuta cütlüyü 0.84180 səviyyəsindən 0.84620 səviyyəsinə qədər kəskin artım sərgiləyib.