DÜNYA

04 İyun

NASA-nın büdcəsində 24% azalma

Finss.az - Ağ Ev tərəfindən açıqlanan 2026-cı ilin NASA büdcə layihəsinə əsasən, agentliyin xərcləri 24,8 milyard dollardan 18,8 milyard dollara qədər azalacaq.

Bu, təxminən 24% azalma deməkdir və kosmik tədqiqatların bir çox önəmli layihələrinə təsir göstərəcək.

Büdcə azaldılması SLS ağır Ay raketi, Orion kosmik gəmi, Marsdan torpaq nümunələrinin gətirilməsi, Venera missiyaları və gələcək kosmik teleskoplar kimi mühüm proqramlara ciddi zərbə vuracaq. Xüsusilə nüvə raket mühərrikləri üzrə aparılan tədqiqatlar dayandırılır. Buraya nüvə-termiki (NTP) və nüvə-elektrik (NEP) təkan sistemlərinin inkişafı daxildir.

NASA və ABŞ Müdafiə Nazirliyinin DARPA agentliyi ilə birgə işlədiyi DRACO layihəsi də bağlanır. Bu layihə kosmosda ilk nüvə-termiki mühərrikin sınağı kimi planlaşdırılmışdı və layihəyə təxminən 500 milyon dollar sərmayə qoyulmuşdu. Lakin DARPA artıq layihənin bağlanmasını təsdiqləyib.

Ağ Ev bildirir ki, nüvə təkan sistemləri böyük maliyyə və onilliklər tələb edir, halbuki Marsa uçuş üçün kimyəvi mühərriklər kimi daha ucuz və sadə alternativlər mövcuddur.

Ekspertlər vurğulayır ki, nüvə mühərrik texnologiyaları gələcəkdə kosmik uçuşların müddətini kəskin azalda bilər, lakin infrastrukturun olmaması, sərt təhlükəsizlik standartları və yüksək sınaq xərcləri bu texnologiyanın tətbiqinə maneçilik törədir.

Bu dəyişikliklər kosmik araşdırmalarda yeni prioritetlərin formalaşmasına səbəb ola bilər və gələcək missiyaların gedişatına təsir göstərəcək.