Finss.az - Böyük Britaniyada 2024-cü ildə maliyyə fırıldaqçılığı səbəbindən dəyən zərər 1,2 milyard funt sterlinqə ($1,6 milyard) çatıb.
UK Finance sənaye assosiasiyasının hesabatına əsasən, bu göstərici əvvəlki illə müqayisədə demək olar ki, dəyişməyib.
Authorized push payment (APP) sxemi ilə həyata keçirilən dələduzluqlar — yəni qurbanların öz hesablarından fırıldaqçıların hesablarına vəsait köçürməsi halları — 2% azalaraq 450,7 milyon funt sterlinqə düşüb. Belə halların sayı 2020-ci ildən bəri ən aşağı səviyyəyə enib.
UK Finance nümayəndələri azalmanı cinayətlərin qarşısını almaq üçün yeni texnologiyaların tətbiqi və cəmiyyətin bu təhlükələr barədə məlumatlandırılması ilə əlaqələndirirlər. Həmçinin, ötən ilin oktyabrından Britaniya hökumətinin bankları belə dələduzluqlardan zərər çəkən vətəndaşlara kompensasiya verməyə məcbur etməsi bankların mübarizəni gücləndirməsinə təkan verib.
Bununla yanaşı, bank kartı məlumatlarının oğurlanması ilə bağlı dələduzluq cəhdləri 22% artaraq, bu sahədə dəyən zərər 400 milyon funt sterlinqə çatıb.
Bankların müştəriləri üçün həyata keçirdiyi önləyici tədbirlər nəticəsində isə 1,45 milyard funt sterlinq məbləğində vəsaitin oğurlanmasının qarşısı alınıb ki, bu da əvvəlki ilə nisbətən 16% çoxdur.