Finss.az - Beynəlxalq Enerji Agentliyinin (BEA) son hesabatına əsasən, Rusiya və İran neftini daşıyan “kölgə donanmasına” qarşı tətbiq edilən yeni sanksiyalar nəticəsində bu gəmilərin aktivliyi 40%-dən çox azalıb.
Bu, Rusiya neftinin beynəlxalq bazarlara çıxışını ciddi şəkildə məhdudlaşdırır.
G7 ölkələri tərəfindən müəyyən edilmiş sanksiyalar çərçivəsində, Rusiya neftinin bir bareli üçün qiymət tavanı 60 dollar səviyyəsində müəyyən olunub. Bu həddi aşan satışlar üçün nəqliyyat, sığorta və maliyyə xidmətlərinin göstərilməsi qadağandır. Son aylarda Urals markalı Rusiya neftinin qiyməti bu həddin altında qalaraq orta hesabla 58,5 dollar təşkil edib. Aprel ayından etibarən isə qiymətlər 50 dolların altına enib.
BEA bildirir ki, qiymətlərin aşağı düşməsi Rusiya ixracatçılarını sanksiyalara uyğun daşınma və sığorta xidmətlərindən istifadə etməyə təşviq edib. Nəticədə, "kölgə donanmasına" olan tələbat azalıb və adi kommersiya tankerlərinin istifadəsi artıb.
Bununla yanaşı, ABŞ-nin yeni sanksiyalar paketi çərçivəsində Rusiya neftini daşıyan azı 65 tanker müxtəlif limanlarda lövbər salıb. Bu gəmilərdən bəziləri Çin və Sinqapur limanlarında, digərləri isə Baltik və Uzaq Şərq regionlarında dayanıb.
Avropa İttifaqı da Rusiyanın istifadə etdiyi 11 neft tankerinə qarşı əlavə məhdudiyyətlər tətbiq etməyi planlaşdırır. Bu addımlar Moskvanın enerji gəlirlərinə təzyiq göstərmək məqsədi daşıyır.
Hazırkı vəziyyət qlobal enerji bazarında qeyri-müəyyənlik yaradır və neft qiymətlərində dalğalanmalara səbəb ola bilər.