DÜNYA

13 May

ABŞ-ın dövlət borcu rekord həddə çatıb

Finss.az - ABŞ-ın dövlət borcu tarixi maksimuma çataraq 36,8 trilyon dolları keçib.

Bu, ölkənin ümumi daxili məhsulunu (ÜDM) təxminən 1,23 dəfə üstələyir. Halbuki iqtisadi sabitlik baxımından bu nisbətin 0,6-dan çox olmaması tövsiyə olunur.

Statistikaya görə, ABŞ-da adambaşına düşən dövlət borcu hazırda 108 min dollar təşkil edir. Lakin vergi ödəyicilərinin üzərinə düşən yük daha ağırdır – bu rəqəm bir nəfər üçün 323 min dolları ötür.

Müqayisə üçün qeyd edək ki, cəmi beş il əvvəl ABŞ-ın dövlət borcu 26 trilyon dollar səviyyəsində idi. Bu müddət ərzində borc 41% artaraq rekord həddə çatıb. Adambaşına düşən borc isə 80 min dollardan 108 min dollara yüksəlib – bu da 35%-lik artım deməkdir.

İqtisadçılar xəbərdarlıq edirlər ki, mövcud xərcləmə tendensiyası davam edərsə, yay aylarının ilk yarısında ABŞ-ın dövlət borcu 37 trilyon dolları aşa bilər.