Çin-Qırğızıstan-Özbəkistan yeni dəmir yolu marşrutunun yaradılması layihəsi, Orta Dəhliz çərçivəsində Türkmənistan, Azərbaycan, Türkiyə və daha sonra Avropaya çıxışı təmin edə bilər.
Finss.az xəbər verir ki, bu barədə "GLENMAR Group" tərəfindən təşkil edilən "Xəzər və Mərkəzi Asiya neft treydingi və logistikası Forumu"nda Qırğızıstan Dəmir Yollarının baş direktoru Azamat Sakiyev jurnalistlərə açıqlama verib.
A.Sakiyev bildirib ki, qlobal tendensiyalar göstərir ki, nəqliyyat dəhlizlərini inkişaf etdirmək vacibdir, çünki bu, malların maya dəyərinin və ümumi qiymət siyasətinin logistikadan asılı olmasına səbəb olur.
Layihə çərçivəsində tikinti işlərinə ötən ilin dekabr ayında başlanılıb və yeni dəmir yolu xəttinin gözlənilən illik ötürmə qabiliyyəti 15 milyon ton yük və ya daha çox olacaq.
Layihənin unikallığı ondan ibarətdir ki, o, Çindən Avropaya ən qısa müddətdə çıxışı təmin edə bilir. Bundan əlavə, layihənin çevik tarif siyasətini təmin edəcəyi gözlənilir.
A.Sakiyev vurğulayıb ki, layihənin məqsədi digər marşrutlarla müqayisədə sərfəli və rəqabətədavamlı bir mexanizm yaratmaqdır.
Layihənin 2030-cu ilə qədər başa çatdırılması planlaşdırılır və ümumi büdcəsi 4,7 milyard dollar təşkil edir. Bu büdcə layihədə iştirak edən üç ölkə tərəfindən razılaşdırılıb. Yeni dəmir yolu marşrutu ilə konteyner və quru yüklər daşınacaq. Həmçinin, marşrut boyunca sərnişindaşımanın təşkili də nəzərdə tutulur.
A.Sakiyev qeyd edib ki, hazırda Çindən Azərbaycana böyük yükdaşıma axını mövcuddur və bu kontekstdə Qırğızıstan, Çindən Azərbaycana yüklərin daşınması üçün çox yaxşı şərait təklif edə bilər.
Fuad Mədətov
Finss.az