DÜNYA

23 Aprel

İlon Mask dövlət işindən çəkilir: Tesla-nın gəliri 71% azalıb

Finss.az - Dünyaca məşhur sahibkar və Tesla şirkətinin rəhbəri İlon Mask, ABŞ Dövlət Effektivliyi Departamentində (DOGE) keçirdiyi iş saatlarını azaldacağını bəyan edib.

Mask bu barədə Tesla-nın investorları ilə keçirdiyi konfrans zəngində məlumat verib.

“Gələn aydan etibarən DOGE-yə ayırdığım vaxt əhəmiyyətli dərəcədə azalacaq”, – deyə o, çıxışı zamanı bildirib.

Buna baxmayaraq, o, Donald Trampın prezidentlik müddəti başa çatana qədər DOGE komandası ilə əməkdaşlığı davam etdirəcəyini, dövlət idarəçiliyində israfçılıq və korrupsiyanın yenidən baş qaldırmaması üçün səy göstərəcəyini vurğulayıb. Maskın sözlərinə görə, o, bundan sonra həftədə bir və ya iki gününü dövlət məsələlərinə ayıracaq — “prezidentin istəyinə əsasən”.

Bu açıqlama, Tesla-nın 2025-ci ilin ilk rübündəki maliyyə nəticələri fonunda diqqət çəkir. Şirkət ilin ilk üç ayı üzrə gəlirin 9% azalaraq 409 milyon dollara düşdüyünü açıqlayıb. Bu rəqəm, ötən ilin eyni dövründə qeydə alınan 1,4 milyard dollarlıq mənfəətlə müqayisədə 71%-lik azalma deməkdir.

Mütəxəssislər bildirirlər ki, Tesla-nın qarşısında duran əsas çağırışlar bazardakı sərt rəqabət, elektromobil sektorunda yavaşlayan tələbat və qlobal iqtisadi qeyri-müəyyənliklərlə bağlıdır.