Finss.az - Fitch Ratings agentliyi dünya iqtisadiyyatı üzrə növbədənkənar makroiqtisadi proqnozunu açıqlayıb.
Yenilənmiş "Qlobal İqtisadi Baxış" (Global Economic Outlook, GEO) hesabatında qeyd olunur ki, xarici ticarət gərginliyinin artması fonunda proqnozlar daha da pisləşib.
Agentlik 2025-ci il üzrə dünya ÜDM-nin artım proqnozunu 0,4 faiz bəndi azaldaraq 2%-dən aşağı salıb. Bu, koronavirus pandemiyası dövrü istisna olmaqla, 2009-cu ildən bəri ən zəif qlobal artım göstəricisi kimi dəyərləndirilir.
ABŞ və Çin iqtisadiyyatında da geriləmə gözlənilir. ABŞ üzrə ÜDM artım proqnozu 1,2%-ə endirilib və ilin son rübündə bu göstəricinin cəmi 0,4% olacağı ehtimal edilir. Çin üzrə artım isə 4%-dən aşağı düşəcək və bu meylin 2026-cı ilə qədər davam edəcəyi proqnozlaşdırılır.
Avrozonada vəziyyət daha da zəifdir. Fitch analitiklərinin qiymətləndirməsinə görə, Avropa İttifaqı ölkələrinin iqtisadi artımı 1%-dən "əvvəlkindən xeyli zəif" olacaq.
Enerji bazarlarında da korrektə müşahidə olunur. Agentlik Brent markalı neftin bir barelinin cari il üçün orta qiymət proqnozunu 5 dollar azaldaraq 65 dollar səviyyəsində müəyyən edib.
Ekspertlərə görə, dünya iqtisadiyyatında müşahidə olunan zəiflik əsasən geosiyasi risklər, ticarət mübahisələri və monetar siyasətdəki qeyri-müəyyənliklərlə bağlıdır.