DÜNYA

15 Aprel

Qlobal inflyasiya zəifləyir: Mərkəzi banklar ehtiyatlı faiz endirimlərinə gedir

2024-cü ildə bir sıra ölkələrdə xidmət sektorunda qiymətlərin artmasına baxmayaraq, inflyasiyanın tədricən azalması müşahidə olunub.

Bu barədə məlumat Azərbaycan Mərkəzi Bankının (AMB) 2024-cü il üzrə Maliyyə Sabitliyi Hesabatında yer alıb.

İnflyasiya səviyyəsinin azalmasına xammal və ərzaq qiymətlərindəki artım tempinin zəifləməsi, eyni zamanda təbii qazın qiymətinin enməsi mühüm təsir göstərib. Nəticədə, inflyasiya göstəriciləri aparıcı mərkəzi banklar tərəfindən müəyyən olunmuş hədəf səviyyələrə yaxınlaşıb.

Bununla belə, bəzi inkişaf etməkdə olan ölkələrdə – xüsusilə Avropa və Latın Amerikasında – yerli iqtisadi və struktur amillər səbəbindən inflyasiya hələ də yüksək olaraq qalır. Qlobal miqyasda isə proteksionist ticarət siyasətlərinin güclənməsi və deqlоbalizasiya meyilləri qiymətlərə uzunmüddətli təzyiqlər yaradan əsas risk faktorları sırasındadır.

Ekspertlər qeyd edirlər ki, enerji qiymətlərində gözlənilən azalma inflyasiyanın mərkəzi bankların hədəflərinə uyğun şəkildə geriləməsini dəstəkləyə bilər. Çin iqtisadiyyatında isə zəif daxili tələbat fonunda deflyasiya riski hələ də aktual olaraq qalır.

Bu amillər fonunda 2024-cü il ərzində əksər ölkələrin mərkəzi bankları siyasət faizlərini ehtiyatlı şəkildə endirib, lakin qərarlarında diqqətli mövqe sərgiləyiblər.

Fuad Mədətov
Finss.az