Finss.az - 14 aprel 2025-ci il tarixindən etibarən Hindistan və ABŞ arasında ticarət münasibətlərinə dair məsləhətləşmələrə start veriləcək.
Bloomberg agentliyi bu barədə Dehlidəki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, danışıqlar onlayn formatda aparılacaq. Tərəflərin məqsədi may ayının sonuna qədər ticarət sahəsində güzəşt imkanlarının mövcud olduğu istiqamətlərdə ortaq mövqe müəyyənləşdirməkdir.
Qeyd edək ki, ötən həftə Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar ölkəsinin ABŞ-la ticarət sazişinə yaxınlaşdığını və bu sazişin zəruriliyinin indiki dövrdə daha da artdığını vurğulayıb.
Xatırladaq ki, Hindistanın Baş naziri Narendra Modinin fevral ayında Vaşinqtona səfəri zamanı tərəflər payızadək ticarət sazişi imzalamağı planlaşdırdıqlarını bildirmişdilər. 2 aprel tarixində isə ABŞ Prezidenti Donald Tramp Hindistana qarşı 26 faiz həcmində güzgü rüsumları tətbiq etmiş, ardınca bəzi ölkələrə qarşı artırılmış tariflərin qüvvəsini 90 gün müddətinə dayandırmışdı.