Qırğızıstan Milli Onkologiya və Hematologiya Mərkəzi ilk dəfə beyin şişlərini şüa terapiyası ilə müalicə etməyə başlayıb.
Fins.az xəbər verir ki, bu barədə Kabar agentliyi məlumat yayıb.
Milli Onkologiya və Hematologiya Mərkəzinin direktoru Nurbek Bukuev qeyd edib ki, əgər əvvəllər xoşxassəli şişlər cərrahi yolla çıxarılırdısa, indi xəstəliyin vəziyyətindən asılı olaraq bəzi hallarda buna ehtiyac qalmır. “Əvvəllər əməliyyatdan sonra xəstələr kimyaterapiya kursu alırdılar. Bununla belə, əməliyyatdan sonra da beyində metastazların və ya yeni şişlərin göründüyü hallar olub. İndi yeni avadanlıqları tam mənimsəsək, şüa terapiyası ilə şişləri tamamilə aradan qaldıra biləcəyik”, - deyə N.Bukuev izah edib.
Qırğızıstanda doğulmuş israilli mütəxəssis İqor Sadetski bildirib ki, bu üsul bütün dünyada istifadə olunur və ətrafdakı toxumalara təsir etmədən, əməliyyat olmadan erkən mərhələdə şişi çıxarmaq üçün önəmli metoddur. O qeyd edib ki, bu gün eşitmə sinirinin şişi olan xəstəyə ilk dəfə şüa terapiyası olunub və prosedurdan sonra şişin böyüməsi dayanıb.