Öz fəaliyyətini saxlamaq məqsədi ilə 2014-cü ilədək Suriyadakı terror qruplarını maliyyələşdirməkdə təqsirli bilinən Fransanın sement şirkəti “Lafarge” və onun indiki sahibi İsveçrənin “Holcim” qrupu “Lafarge”in həmin dövrdəki baş direktoru Brüno Lafontdan və daha 4 nəfərdən 200 milyon avro təzminat tələb edir.
Fins.az xəbər verir ki, bu tələb şirkətin Suriyada terror qruplaşmalarını maliyyələşdirməkdə ittiham olunduğu Paris İqtisadi Fəaliyyət Məhkəməsində keçirilən dinləmə zamanı edilib. Dinləmə zamanı “Lafarge” öz mövqeyini bir daha bəyan edərək, keçmiş rəhbərləri şirkətə maliyyə və reputasiya zərəri vurmaqda ittiham edib. İddia olunan faktlar 2013-2014-cü illər arasında 5 milyon avrodan çox təxmin edilən “vergilər” şəklində edilən ödənişlərə və terror qruplarından xammal alınmasına aiddir. Bu sövdələşmələrin məqsədi həmin vaxtlar vətəndaş müharibəsinin qızğın olduğu Suriyanın şimalında, Cəlabiyyədə sement zavodunu işlək vəziyyətdə saxlamaq məqsədi daşıyıb.
“Lafarge” hələ 2022-ci ildə eyni faktlara görə Amerika məhkəmələri qarşısında günahını etiraf edib və 778 milyon dollar cərimə olunub. Şirkət indi 2007-ci ildən 2015-ci ilə qədər baş direktor olmuş Brüno Lafonta, qrupun digər üç keçmiş məsul idarəçisinə, eləcə də suriyalı vasitəçiyə qarşı çıxır və onların ittiham olunan təcrübələrə görə məsuliyyət daşıdığını hesab edir.
Bruno Lafontun vəkili Kantən dö Marjöri dinləmə zamanı sərt reaksiya göstərərək, “Lafarge”ın tələbini axmaqlıq kimi qiymətləndirib. Onun sözlərinə görə müvəkkilinə, eləcə də hədəfə alınan digər rəhbər şəxslərə belə ödənişlər barədə heç vaxt məlumat verilməyib və onlarla heç bir əlaqəsi yoxdur. Həmçinin, B. Lafont “Lafarge” və “Holcim”i ABŞ-da ona xəbər vermədən təqsirli olduqlarını etiraf etməkdə günahlandırır ki, bu da onun davam edən məhkəmə proseslərində təqsirsizlik prezumpsiyasını pozduğunu bildirir.
Brüno Lafont, “Lafarge” və digər yeddi keçmiş rəhbəri cinayət işi olan məhkəmə də gözləyir. Onlar 2025-ci ilin sonunda Paris Cinayət Məhkəməsi qarşısında “terrorçu müəssisələrin maliyyələşdirilməsi” və bəziləri üçün beynəlxalq maliyyə sanksiyalarına əməl etməmək ittihamı ilə mühakimə olunacaqlar.
Başqa bir məhkəmə işində “Lafarge”, həmçinin insanlığa qarşı cinayətlərdə iştiraka görə mühakimə olunur ki, bu da Fransa qanunlarında olduqca nadir bir ittihamdır.