Bazar ertəsi, yanvarın 27-də Avstraliyanın cənub-şərqində isti hava dalğası güclənib və bu, meşə yanğınları riskini artırıb, həmçinin hökuməti Viktoriya əyalətinin bəzi yerlərində yanğınla bağlı qadağalar qoymağa sövq edib.
Fins.az xəbər verir ki, həddindən artıq istilər 2019-2020-ci illərin fəlakətli “Qara yayı”nı xatırladır ki, həmin yanğınlar Türkiyə böyüklüyündə ərazini külə çevirib, 33 nəfər və milyardlarla heyvan ölüb.
“Reuters” agentliyi bildirir ki, bazar ertəsi sinoptiklər Viktoriyanın paytaxtı Melburnda temperaturun 41 dərəcə Selsiyə çata biləcəyi barədə xəbərdarlıq ediblər. Bu, yanvarda şəhərin orta maksimal temperaturundan 14 dərəcədən çox yüksəkdir.
Bazar ertəsi səlahiyyətlilər yanğın təhlükəsini Viktoriyanın beş bölgəsində ikinci ən yüksək təhlükə olaraq qiymətləndiriblər.
Sinoptiklər bildiriblər ki, isti və küləkli hava Viktoriyada böyük yanğınlara səbəb ola bilər.
Avstraliyada əhalinin ən sıx məskunlaşdığı Yeni Cənubi Uelsin bazar ertəsi günü zəifdən güclüyə qədər isti hava dalğası şəraiti yaşayacağı, çərşənbə axşamı günü isə temperaturun daha da artacağı gözlənilir.