Böyük Britaniya hökuməti sualtı donanmanın modernləşdirilməsi proqramı çərçivəsində sualtı qayıqlar üçün nüvə reaktorlarının yaradılması məqsədilə “Rolls-Royce” şirkəti ilə 11 milyard dollar dəyərində müqavilə bağlayıb.
Fins.az xəbər verir ki, bu barədə Britaniya hakimiyyətinin yaydığı məlumatda deyilir.
“Rolls-Royce” ilə yeni müqavilə Böyük Britaniyanın təhlükəsizliyinin, həmçinin 2021-ci ildə yaradılmış və ABŞ, Böyük Britaniya və Avstraliyanın daxil olduğu AUKUS ittifaqı çərçivəsində tərəfdaşlığın gücləndirilməsinə kömək edəcək.
Bu tərəfdaşlıq çərçivəsində hərbi əməkdaşlığın iki istiqamətdə inkişafı nəzərdə tutulur. Birinci istiqamət Avstraliyaya atom sualtı qayığı donanmasının verilməsini nəzərdə tutur. Böyük Britaniya SSN-AUKUS sualtı qayıqlarının tikintisinə başlamağı planlaşdırır və bu qayıqlar sonradan hər iki dövlətin hərbi dəniz qüvvələrinin silahlanmasına qəbul ediləcək. Böyük Britaniyanın “BAE Systems” və “Rolls-Royce” şirkətləri Avstraliyanın “ASC Pty Ltd” gəmiqayırma şirkəti ilə birlikdə atom sualtı qayıqlarının yaradılmasını həyata keçirəcək.
2030-cu ildən sonra tikinti işləri Avstraliyada davam etdiriləcək və 2040-cı illərin əvvəllərində Kanberra öz istehsalı olan ilk sualtı qayığı əldə edəcək. O vaxta qədər Avstraliyanın sualtı donanması ABŞ-dən alınmış üç "Virginia" sinifli sualtı qayıq hesabına gücləndiriləcək.
Əməkdaşlığın ikinci istiqaməti sualtı sistemlər, kvant texnologiyaları, süni intellekt və avtonom sistemlər, kibertəhlükəsizlik və radioelektron mübarizə, hipersəs uçuş aparatları və onların zərərsizləşdirilməsi üçün vasitələr, həmçinin innovasiyalar və informasiya mübadiləsi texnologiyalarını əhatə edən səkkiz sahədə hərbi təyinatlı vasitələrin birgə işlənib hazırlanmasını nəzərdə tutur.