“Beatbot” şirkəti “CES 2025” nəhəng texnologiya sərgisində dəniz tısbağalarından ilham almış “RoboTurtle” amfibiya robotunu təqdim edib.
Bu avtonom aparat ekoloji monitorinq, ətraf mühiti kəşf etmək və təbii fəlakətlərə reaksiya vermək üçün yaradılıb.
Fins.az xəbər verir ki, “RoboTurtle” GPS və istiqaməti tutmaq üçün ultrasəs sensorlar, süni intellekt funksiyalı kameralar da daxil olmaqla, müasir avadanlıqlarla təchiz olunub. Süni intellekt funksiyalı kameralarla robot ətraf mühitdə baş verən dəyişiklikləri müəyyən edir, dəniz heyvanlarının hərəkətlərini və sudan nümunələrin götürülməsi sistemini izləyir.
Onun bionik çoxoynaqlı “üzgəcləri” pərvanə ilə təchiz edilmiş digər ənənəvi sualtı robotlardan fərqli olaraq dəniz ekosistemi ilə təmas etmədən səssiz hərəkəti təmin edir.
“RoboTurtle” robotunun belində dəniz səthində üzən zaman batareyanı şarj edən günəş paneli quraşdırılıb. Bundan başqa, robot peyk əlaqəsi ilə topladığı məlumatları ötürür və yeni tapşırıqlar alır.
Üzmə qabiliyyətinə cavabdeh idarəetmə sistemi nəinki suya baş vurmağa və ya su üzünə çıxmağa imkan verir, hətta çimərliklərdə və digər quru ərazilərdə sürətli olmasa da, hərəkət etməyə şərait yaradır.
Yaradıcılar iddia edirlər ki, “RoboTurtle” real dəniz tısbağalarından fərqli olaraq daha sürətli hərəkət edir və şarj edilməsi üçün fasilə verməyi istisna etməklə, bütün gün işləyə bilir. Bir çox avtonom sualtı aparatlar müqabilində onun üstünlüyü sürətli yerləşdirilməsi və şəraitə uyğunlaşmasıdır.
Hövzələri təmizləyən robotları ilə məşhur olan “Beatbot” şirkəti “RoboTurtle” aparatının kommersiya məqsədli istehsalına başlamağı planlaşdırır. Avadanlığın ölçü və funksionallığı müştərilərin tələblərindən asılı olacaq.
“RoboTurtle” dəniz mühiti ilə həssas yanaşmanı təmin etmək üçün innovativ texnologiya və təbiətdən ilham alaraq sualtı araşdırmalarda yeni imkanlar açır.