DÜNYA

22 Yanvar

Almaniyalı həkim AfD-yə 1,5 milyon avro məbləğində ianə edib

 

İfrat sağçı Almaniya üçün Alternativ Partiyasına (AfD) indiyə qədər ən böyük ianə ölkənin şimalında yaşayan bir həkim tərəfindən edilib. 

Fins.az xəbər verir ki, Bundestaqın məlumatında Almaniyanın Lübek şəhərində yaşayan həkim və sahibkar Vinfrid Ştökerin AfD-yə 1,5 milyon avro dəyərində ianə etdiyi qeyd olunub. Bunun AfD-yə indiyədək edilmiş ən böyük ianə olduğu bildirilir. Bu, həm də ölkədə bir partiyanın yeni ildə aldığı ən böyük ianə məbləğidir. 

V. Ştöker koronavirus pandemiyası zamanı 2021-ci ilin noyabrında Lübek şəhər aeroportunda qeyri-qanuni təşkil etdiyi peyvənd kampaniyasında özünün hazırladığı vaksini insanlara vurduğu üçün 250 min avro məbləğində cərimələnmişdi. 

Xatırladaq ki, AfD keçən il böyük məbləğdə ianə almayan yeganə partiya olub. Ötən il ən böyük - 4,09 milyon avro məbləğində ianə Sahra Vagenknext İttifaqına (BSW) edilib. 

Almaniyada 35 min avrodan yüksək məbləğ böyük ianə hesab olunur. Bu məbləğdən yüksək miqdarda ianə edildikdə tərəflər bu barədə Bundestaqa məlumat verməlidir. Həmin məlumat parlamentin nəşrlərində yayımlanır.