DÜNYA

16 Yanvar

Cənubi Koreya Prezidenti Yun Sok Yol istintaqa ifadə vermək istəmir

Cənubi Koreyada qısamüddətli hərbi vəziyyətlə əlaqədar qiyama cəhd şübhəsi ilə başlanmış təhqiqat çərçivəsində saxlanılan Prezident Yun Sok Yol müstəntiqlərə ifadə verməkdən imtina edib.

Fins.az xəbər verir ki, yanvarın 16-da səhər saatlarına təyin olunan, sonradan günortaya keçirilən dindirilmədən əvvəl Prezidentin vəkilləri istintaq qrupuna Yun Sok Yolun ifadə verməyəcəyini bildirib. Vəkil Yun Qap Kın “Yinhap” agentliyinə açıqlamasında deyib ki, Prezident dindirilmədə iştirak etmək istəmir. “Prezident Yun dünən mövqeyini tam izah edib, buna görə ondan soruşulası heç nə yoxdur”, - deyə vəkil bildirib.

Bundan başqa, Prezidentin vəkilləri onun saxlanılma orderinin qanuniliyini dəqiqləşdirmək üçün iddia qaldırıblar. Məsələyə Seul mərkəzi məhkəməsində baxılacaq. Əgər məhkəmə hesab etsə ki, həbs qanunsuzdur, onda Prezident sərbəst buraxılacaq.

Qeyd edək ki, Cənubi Koreya Prezidenti Yun Sok Yol dekabrın 3-də elan etdiyi hərbi vəziyyətlə əlaqədar qiyama cəhd və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə şübhəsi ilə başlanmış istintaq çərçivəsində yanvarın 15-də saxlanılıb. O, yanvarın 15-də ilk dindirilmə zamanı ifadə verməkdən imtina edib. Qanunvericiliyə əsasən, Prezident 48 saat ərzində dindirilmə üçün Seul istintaq təcridxanasında saxlanılacaq. Saxlanma müddətinin uzadılması üçün daha bir həbs orderi lazım olacaq. İstintaq qrupu ölkədə hərbi vəziyyət elanı ilə əlaqədar 200 səhifəlik suallar hazırlayıb. Bura qəfil hərbi vəziyyətin elan edilməsinin səbəblərinə, hərbçilərin mərkəzi seçki komissiyasının binasına girməsi üçün əmr verilməsinə, parlamentin işinin pozulmasına dair suallar daxildir. 

Yun Sok Yol prezidentliyi dövründə həbs olunan ilk şəxs kimi Cənubi Koreya tarixinə düşüb. Düzdür, Yun Sok Yol haqqında parlamentin impiçment qərarı var və o, hazırda səlahiyyətlərini icra etməsə də, hələ Konstitusiya Məhkəməsi impiçmentə dair yekun qərar verməyib. Qanunvericiliyə əsasən, Konstitusiya Məhkəməsi 180 gün ərzində parlamentin impiçment qərarına baxaraq ya təsdiqləməli, ya da rədd etməlidir. Artıq yanvarın 14-də Konstitusiya Məhkəməsi impiçment məsələsi ilə əlaqədar ilk iclas keçirib. Prezident və ya onun hüquqi nümayəndələri iştirak etmədiyindən iclas cəmi 4 dəqiqə çəkib. Buna baxmayaraq, artıq proses başlanmış hesab olunur. Növbəti dinləmə yanvarın 16-da keçiriləcək.