DÜNYA

15 Yanvar

London süni intellektin inkişafına mərc edir

Böyük Britaniya qarşıdakı beş il ərzində özünün "suveren hesablama gücünü" 20 dəfə artırmağı və qlobal səviyyədə rəqabətqabiliyyətli süni intellekt (AI) sənayesini inkişaf etdirmək üçün yeni superkompüter qurmağı hədəfləyir.

Fins.az xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən Financial Times (FT) məlumat yayıb.

Məlumata görə, yeni superkompüter ölkənin mövcud yüksək məhsuldar sistemlərini, o cümlədən süni intellekt üzrə təlimlər üçün 5000-ə yaxın qrafik prosessoru (GPU) ilə təchiz edilmiş Bristol Universitetində Isambard-AI və Kembric Universitetində Dawn sistemini tamamlayacaq. 2030-cu ilə qədər Britaniya hökuməti hesablama gücünü 100.000 GPU-ya çatdırmağı planlaşdırır.

Britaniyanın baş naziri Keir Starmerin ekspert müşaviri Mett Kliffordun hökumət tərəfindən sifariş verdiyi hesabata görə, yeni tutum ilk növbədə akademik və ictimai xidmət ehtiyacları üçün istifadə olunacaq.

FT-nin məlumatına görə, Böyük Britaniyanın baş naziri hesab edir ki, plan ölkənin süni intellekt sahəsində liderliyini təmin edəcək. Kliffordun Sentyabr ayında hökumətə təqdim etdiyi Süni İntellekt Qabiliyyəti Fəaliyyət Planı hesabatında süni intellekt üzrə “sürətləndirilmiş inkişaf zonaları” və AI Enerji Şurasının yaradılması təklifləri daxil olmaqla 50 tövsiyə verilib.
Klifford da daxil olmaqla ekspertlər vurğulayırlar ki, Britaniya şirkətlərinin və tədqiqat mərkəzlərinin xaricdəki tərtibatçılardan asılılığını azaltmaq üçün müstəqil hesablama gücü lazımdır. Onların fikrincə, hesablama infrastrukturuna nəzarət qlobal texnoloji rəqabətdə mühüm amilə çevrilir.