Fransanın 2025-ci il üçün büdcəsi gələn ayın sonlarında qəbul edilə bilər.
Finss.az xəbər verir ki, Fransanın İqtisadiyyat, Maliyyə, Sənaye və Rəqəmsal Suverenlik Nazirliyi nəzdində ictimai hesablar üzrə məsul nazir Ameli de Monşalen bu barədə “Le Parisien” qəzetinə müsahibəsində deyib.
“Büdcənin təsdiq edilməməsi iqtisadi qeyri-müəyyənliyə səbəb olur. Vaxt daralır və büdcə martın əvvəlinədək qəbul edilməlidir”, - deyə Ameli de Monşalen bildirib. O, həmçinin əlavə edib ki, hökumət 2025-ci il büdcəsinin kəsirini 5 faiz səviyyəsində saxlamaq istəyir.
Qeyd edək ki, hazırkı büdcə layihəsi Baş nazir Mişel Barnyenin rəhbərlik etdiyi əvvəlki kabinetin istefasına səbəb olub. Deputatlar 2024-cü ilin payızında maliyyə qanununu Milli Assambleyadan (parlamentin aşağı palatası) yan keçərək qəbul etməyə çalışan hökumətə etimadsızlıq göstəriblər.
Yeni hökumət başçısı Fransua Bayru isə ölkənin üzləşdiyi maliyyə problemlərinin həllini özünün əsas prioriteti adlandırıb. Hazırda Fransanın dövlət borcu 3,3 trilyon avronu ötüb ki, bu da ümumi daxili məhsulun 113,7 faizinə bərabərdir.
Kaira Agayeva
Fins.az