Finss.az - MOL Group Macarıstanın Transdanubiya bölgəsində, Somogysam kənarında yeni neft yatağının açıldığını elan edib.
Şirkət keçən ilin dekabr ayında qazma işləri aparıb və 1250 metr dərinlikdə neft ehtiyatları aşkar edib. Yeni yataq gündə 1200 barel neft hasil etmək gücünə malikdir.
MOL Hungary şirkətinin icraçı direktoru Djerd Başka bildirib ki, Macarıstan neft idxalından asılılığını azaltmaq üçün bütün imkanlardan istifadə etməlidir. MOL Group-un kəşfiyyat və hasilat üzrə direktoru Jombor Marton isə qeyd edib ki, Transdanubiya bölgəsində sonuncu dəfə neft on ildən çox əvvəl tapılmışdı. O, bu kəşfi ölkənin enerji müstəqilliyi baxımından mühüm addım kimi qiymətləndirib.
Şirkətin məlumatına görə, Som-8 adlı yeni quyunun qazılması 25 noyabrda başlayıb və 33 gün sonra başa çatıb. Hasil olunan neft Dunay neft emalı zavoduna (Sajómbatta) daşınır. MOL bu kəşfin Macarıstanın enerji balansına əhəmiyyətli töhfə verəcəyini bildirib.
Növbəti beş il ərzində MOL Macarıstanda neft və qaz hasilatının genişləndirilməsi üçün 150 milyard forint (təxminən 420 milyon dollar) sərmayə yatırmağı planlaşdırır.
Qeyd edək ki, MOL Group hazırda ölkənin ən böyük karbohidrogen istehsalçısıdır. Şirkət 1300-ə yaxın aktiv neft və qaz quyusuna malikdir. 2024-cü ildə MOL Macarıstanın daxili neft hasilatının 47%-ni (600 min ton) və 1,5 milyard kubmetr təbii qaz hasilatını təmin edib.
Şirkətin beynəlxalq hasilat portfeli hazırda 9 ölkəni əhatə edir. MOL yenilənmiş "Shape Tomorrow" strategiyası çərçivəsində 90 min bareldən aşağı olmayan gündəlik hasilat səviyyəsini qorumağı və beynəlxalq mövqeyini gücləndirməyi hədəfləyir. Bu istiqamətdə Qazaxıstan, Azərbaycan və Türkiyənin milli neft şirkətləri ilə yeni əməkdaşlıq sazişləri imzalanıb.