DÜNYA

23 Mart

Almaniyada dövlət borcu üçün yeni islahatlar təsdiqləndi

Finss.az - Almaniyanın Bundesrat (parlamentin yuxarı palatası) bu həftə ölkənin dövlət borcuna dair yeni qaydaların islahatını və infrastrukturun yenilənməsi məqsədilə 500 milyard avro həcmində fondu təsdiqləyib.

Tədbir, iqtisadiyyatın dəstəklənməsi və ölkənin infrastrukturunun müasirləşdirilməsi məqsədini daşıyır. İslahat, Almaniyanın Konstitusiyasına edilən dəyişikliklərlə borc tormozunun yumşaldılmasına imkan verir. Bu, dövlətə müdafiə və təhlükəsizlik sahələrində məhdudiyyətsiz xərclər etməyə şərait yaradır. Həmçinin, gələcəkdə orduya, vətəndaş müdafiəsinə, kəşfiyyat xidmətlərinə və beynəlxalq hüququ pozaraq hücuma məruz qalmış ölkələrə dəstəyə ayrılacaq vəsaitlər kreditlər vasitəsilə maliyyələşdirilə bilər.

Yeni qanunla, Almaniya növbəti on iki il ərzində 500 milyard avro həcmində infrastruktur investisiyası həyata keçirəcək. Bu məbləğin 100 milyard avrosu federal torpaqların infrastrukturuna, 300 milyard avrosu isə federal hökumətin idarəetməsinə veriləcək. Qalan 100 milyard avro isə iqlim müdafiəsi üçün ayrılacaq.

Qanun layihəsi Xristian-Demokratik İttifaqı (XDI), Sosial-Demokrat Partiyası (SDP) və "Yaşıllar" partiyası tərəfindən hazırlanıb. "Yaşıllar" partiyası müqavilə nəticəsində iqlim müdafiəsi layihələrinə 100 milyard avro sərmayə qoyulmasını təmin edib və Konstitusiyaya iqlim neytrallığına nail olunması barədə yeni maddə əlavə edilib.

Martın 25-də yeni parlamentin ilk iclasında bu qanun layihəsinin qəbul edilməsində çətinliklər yaranacağı gözlənilir. Yeni tərkibdə, konservatorlar, sosial-demokratlar və "yaşıllar" tərəfindən tələb olunan çoxluğun təmin olunması mümkün olmayacaq. Buna görə də, köhnə tərkibdə bu həftə qanun layihəsi təcili olaraq qəbul edilib.