DÜNYA

24 Dekabr

Türkiyədən Suriyaya qayıdanların sayı açıqlanıb

Türkiyədə hüquqi qalma statusu olan xaricilərin sayı 4 milyon 164 min 472 nəfərdir. Bunlardan 2 milyon 920 min 119 nəfəri müvəqqəti qoruma altında olan suriyalılardır.

Fins.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya Anadolu Agentliyinə (AA) müsahibəsində deyib.

Nazir, 2017-ci ildən etibarən 763 min 443 suriyalının könüllü şəkildə təhlükəsiz və nizamlı olaraq ölkələrinə qayıtdığını vurğulayıb. Həmçinin, son 15 gündə Suriyaya qayıdanların sayının 25 mini keçərək 7 dəfə artdığını qeyd edib.

Suriyaya qayıtmaq istəyən şəxslərin Miqrasiya İdarəsinin rəsmi internet səhifəsi vasitəsilə müraciət edə biləcəkləri, eyni zamanda, ev və iş yeri əşyalarını, eləcə də nəqliyyat vasitələrini özləri ilə apara biləcəkləri əlavə olunub.

Ali Yerlikaya bildirib ki, Türkiyədəki suriyalıların qeydiyyat məlumatlarının Suriyada istifadəsi üçün Dəməşq və Hələb şəhərlərində Səfirlik və Konsulluqlar nəzdində Miqrasiya İdarəsi ofisləri qurulacaq.

Nazir, Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə 2025-ci ilin 1 yanvar - 1 iyul tarixləri arasında suriyalı qaçqınlara hazırlıq məqsədilə hər ailədən bir nəfərə 3 giriş-çıxış hüququ veriləcəyini də əlavə edib.