DÜNYA

20 Dekabr

Türkiyədə qurulan Qazaxıstan şirkətlərinin sayı azalıb

2024-cü ilin yanvar-noyabr ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 38 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 23 şirkət azdır.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qazaxıstan şirkətlərinin məcmu kapitalı 37 milyon 250 min türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 176 milyon 405 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-noyabr ayında Qazaxıstan şirkətlərinin əksəriyyəti İstanbulda (25) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Qazaxıstan şirkətlərinin ümumi kapitalı 16 milyon 550 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2024-cü ilin yanvar-noyabr ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 20 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.