DÜNYA

16 Dekabr

Çində taxıl istehsalı 706,5 milyon tona çatıb

Çində taxıl istehsalı ötən illə müqayisədə 1,6 faiz artaraq 706,5 milyon tona çatıb. Bu göstərici dünyanın ən iri taxıl istehsalçısı olan Çində illik istehsalın ilk dəfə 700 milyon tonu keçməsi ilə nəticələnib.

Fins.az xəbər verir ki, Çinin Milli Statistika Bürosu istehsal artımında əkin sahələrinin genişləndirilməsinin mühüm rol oynadığını bildirib. İl ərzində taxıl əkin sahələri 0,3 faiz artaraq ümumilikdə 119 milyon hektara çatıb. Bundan əlavə, ərazi vahidinə düşən taxıl istehsalı 1,3 faiz artım göstərib.

Qeyd edək ki, Çində son 9 ildir taxıl istehsalı 650 milyon tondan çox olub. Bu müddət ərzində ölkənin müxtəlif bölgələrində şiddətli yağışlar, daşqınlar və quraqlıq kimi əlverişsiz hava şəraiti istehsalın artımına mane ola bilməyib.

Bundan əlavə, Çində taxıl əkilən ərazilər il ərzində 100 milyon hektardan çox olub ki, bu da dünya üzrə əkin sahələrinin təxminən 9 faizini təşkil edir.

Buna baxmayaraq, yerli istehsal Çinin 1,4 milyardlıq əhalisinin tələbatını tam ödəyə bilmir. Bu səbəbdən ölkə xaricdən taxıl və ərzaq məhsulları idxal edir və bu idxal hər il artmaqda davam edir. 2010-cu illə müqayisədə, 2020-ci ildə Çinin ərzaq məhsulları idxalı 4,6 dəfə artıb.

Fuad Mədətov
Fins.az