DÜNYA

12 Dekabr

Almaniya Kansleri Şolz: Ukraynaya sərmayə qoymaq gələcəyin AB üzvünə yatırım etməkdir

Almaniya kansleri Olaf Şolz, ölkəsinin Ukraynaya olan dəstəyini bir daha təsdiq edərək, Almaniya iş dünyasını Rusiya ilə müharibə vəziyyətində olan bu ölkəyə daha çox sərmayə qoymağa çağırıb.

Fins.az xəbər verir ki, Berlində keçirilən 7-ci Almaniya-Ukrayna Biznes Forumunda çıxış edən Şolz, Almaniyanın həm hərbi, həm də iqtisadi yardım baxımından Ukraynanın yanında olduğunu vurğulayıb. O, dövlətin verdiyi dəstəyin kifayət etmədiyini qeyd edərək, özəl sektorun da böyük sərmayələr qoymasına ehtiyac olduğunu bildirib.

Şolz, Ukraynaya sərmayə qoyanların gələcəyin Avropa Birliyi üzvünə yatırım etdiklərini bildirərək, iki ölkənin sərmayədarlarını birgə müəssisələr qurmağa çağırıb. Alman şirkətlərinin Ukraynada göstərdiyi sıx marağa diqqət çəkən Şolz, bu gün Ukraynada təxminən 2 min alman şirkətinin fəaliyyət göstərdiyini və Almaniyanın sərmayə zəmanətlərinin dünyanın birinciləri arasında olduğunu qeyd edib.

Ukraynanın Baş naziri Denis Şmıxal da forumda çıxış edərək, Almaniya ilə rəqəmsal texnologiyalar, kənd təsərrüfatı, müdafiə və enerji sahələrində əməkdaşlığın gücləndirilməsini istəyib. O, Ukraynanın müdafiə sənayesinin sürətlə inkişaf etdiyini və müharibə başlayandan bəri bir alman şirkətinin də Ukrayna bazarını tərk etmədiyini bildirib.

Alman Sənaye və Ticarət Palatasının sədri Peter Adrian isə, müharibə şəraitinə baxmayaraq, Almaniya-Ukrayna ticarətinin rekord həddə çatdığını vurğulayıb. O, Almaniyanın enerji sektoru da daxil olmaqla Ukraynanın yenidən qurulmasında öz təcrübə və sərmayələrini təklif etməyə hazır olduğunu bildirib.

Bu ilki forumun şüarı "Biz birlikdə daha güclüyük. Gələcəyi təmin edirik" olub və forumda enerji təchizatı və müdafiə sənayesi məsələləri müzakirə edilib.