Mərkəzi Asiyanın iqtisadiyyatı son iki il ərzində dünya iqtisadiyyatından daha sürətli inkişaf edib. 2022–2023-cü illərdə regionun iqtisadiyyatı orta hesabla hər il 4,8 faiz artıb, bu isə dünya iqtisadiyyatının orta artım tempi olan 3,4 faizdən 1,4 dəfə daha sürətli olub.
Fins.az xəbər verir ki, bu barədə Avrasiya İnkişaf Bankının (AİB) İdarə Heyəti sədrinin müavini və baş iqtisadçısı Yevgeni Vinokurov Almatıda Bankın makroproqnozunun təqdimatı zamanı məlumat verib.
Y.Vinokurovun sözlərinə görə, Mərkəzi Asiya regionunun nominal ÜDM-i 2024-cü ildə 500 milyard dollardan çox olacaq. Region, həmçinin son iki il ərzində əhalisini 3 faizdən çox artıraraq, 80 milyon nəfərə çatıb, bu da uzunmüddətli iqtisadi artım üçün "demoqrafik imkan pəncərəsi" açır.
Lakin, bölgənin qarşısında dənizə çıxışın olmaması, iqlim və ekoloji risklər, su-enerji kompleksinin inkişafındakı uyğunsuzluqlar kimi problemlər də mövcuddur. Bu problemlərin həlli üçün region dövlətlərinin və xarici tərəfdaşların birgə və koordinasiyalı səyləri tələb olunur. Vinokurov, su və enerji resurslarının inkişafını, Avrasiya nəqliyyat çərçivəsini qurmağı və bərpa olunan enerji mənbələrini inkişaf etdirməyi təklif edib.
Bundan əlavə, dayanıqlı və uzunmüddətli iqtisadi artım üçün əsas şərtlər arasında su və nəqliyyat problemlərinin həlli, insan kapitalına və sosial infrastruktur sahəsinə investisiyalar, özəl kapitala dəstək, infrastruktur layihələrinə strateji sərmayələr və sənayenin inkişafı qeyd edilib.