DÜNYA

05 Dekabr

AİB Qazaxıstanda yeni logistika mərkəzinin tikintisi üçün təxminən 36 milyon ABŞ dolları kredit təmin edir

Avrasiya İnkişaf Bankı (AİB) və "Avrasiya Logistika Parkı" Məhdud Məsuliyyətli Cəmiyyəti, Qazaxıstan Respublikasının Almatı vilayətində A sinifli sənaye-logistika kompleksinin tikintisi üçün kredit müqaviləsi imzalayıblar. Kreditin məbləği 16,6 milyard təngə (təxminən 36 milyon ABŞ dolları) təşkil edir.

Fins.az xəbər verir ki, müqavilənin imzalanması, AİB-in beynəlxalq maliyyə təşkilatları üçün keçirdiyi İkinci konfrans ərəfəsində Almatıda baş tutub. Kredit müqaviləsini AİB tərəfdən baş direktor Sergey İqnatov, kredit götürən tərəfdən isə "Avrasiya Logistika Parkı" MMC-nin direktoru Adam Mestoyev imzalayıblar.

Layihə çərçivəsində, Böyük Almatı Dairəvi Avtomobil Yolu (BADAY) yaxınlığında, ümumi sahəsi 50 min kvadratmetr olan iki müasir anbar binasının tikintisi nəzərdə tutulur. Kompleksin istismara verilməsi 2025-ci ilin sonuna planlaşdırılır və layihənin ümumi dəyəri 22,1 milyard təngə təşkil edir.

AİB-in İdarə Heyətinin sədri Nikolay Podquzov bildirib ki, bu layihə Bankın Avrasiyanın əsas infrastrukturunun inkişafına dair strategiyasını əks etdirir. Almatıda istehlak mallarının paylanması üzrə logistika imkanlarını gücləndirməklə yanaşı, inşa edilən logistika mərkəzi böyük bir hab olmaq potensialına malikdir. Bu, ticarət dövriyyəsinin artırılması, təchizat zəncirlərinin optimallaşdırılması və vahid iqtisadi məkanın yaradılması istiqamətində mühüm addım olacaq.

AİB-in qiymətləndirmələrinə əsasən, regionda müasir ticarət formatlarının bütün növlərində əhəmiyyətli artım gözlənilir. Xüsusilə, 2028-ci ilə qədər onlayn ticarətin illik artım tempinin 12 faiz, istifadəçi sayının isə 91,4 milyona çatacağı proqnozlaşdırılır. Bu layihədə iştirak, AİB-in iqtisadi artımı və regionun dayanıqlı inkişafını dəstəkləyən etibarlı tərəfdaş mövqeyini daha da gücləndirir.

AİB, həmçinin, nəqliyyat və logistika sahəsində layihələrin dəstəklənməsi üzrə əhəmiyyətli təcrübəyə malikdir və bu layihə ilə regionda infrastruktur obyektlərinin tikintisinə maliyyə təminatı verməkdə davam edir.