DÜNYA

14 Fevral

Qara metal ixracı: Çin və Avropadakı yeni tələblər

Finss.az - Almaniyanın nəhəng polad istehsalçısı Thyssenkrupp ABŞ-ın prezidenti Donald Tramp tərəfindən irəli sürülən yeni polad tariflərinin Avropada mövcud olan artıq istehsal gücləri problemini daha da gərginləşdirə biləcəyini bəyan edib.

Şirkət hesab edir ki, bu tariflər Avropa İttifaqının polad ixracını məhdudlaşdıra və eyni zamanda Çin istehsalçılarının bazarı daha ucuz məhsullarla doldurmasına səbəb ola bilər.

Thyssenkrupp-un maliyyə direktoru Yens Şulte mətbuata verdiyi açıqlamada bildirib ki, şirkət ABŞ-ın tətbiq etdiyi 25%-lik idxal tariflərinin dolayı təsirlərini növbəti aylarda təhlil edəcək. Onun sözlərinə görə, bu tariflər dünyanın ən iri polad ixracatçısı olan Çini öz məhsullarını Avropa bazarına yönəltməyə vadar edə bilər.

"ABŞ-a polad tədarük edən Çin şirkətləri yüksək tariflər səbəbindən Avropaya daha çox məhsul göndərməyə cəhd göstərə bilərlər", - deyə Şulte vurğulayıb.

Xatırladaq ki, Avropalı polad istehsalçıları son illərdə Çin mənşəli ucuz idxal məhsullarına qarşı Avropa Komissiyasını tədbir görməyə çağırmışdılar. Çünki yüksək enerji qiymətləri fonunda poladın satış qiyməti istehsal dəyərindən aşağı düşmüşdü.

Bir zamanlar Alman sənayesinin aparıcı sahələrindən biri sayılan Thyssenkrupp-un polad bölməsi son illər avtomobil istehsalında geriləmə və tələbatın azalması səbəbindən ciddi çətinliklərlə üzləşib. Şirkət ötən ilin noyabr ayında Duisburq şəhərindəki polad zavodunda istehsal gücünün dörddə birini azaltmaq məqsədilə 11 min işçinin işdən çıxarılacağını açıqlamışdı. Bu isə həmin bölmənin işçi qüvvəsinin təxminən 40%-nə bərabərdir.

Son iki il ərzində Thyssenkrupp polad bölməsinin dəyərini 3 milyard avro azaldıb. Şirkət hazırda çexiyalı milyarder Daniel Krjetinski ilə danışıqlar aparır. Krjetinski Thyssenkrupp-dakı payını 20%-dən 50%-ə qaldırmağa çalışır. Lakin bu proses hələ də yekunlaşmayıb.