Fins.az - “GfK” analitik şirkətinin hesabatına əsasən, Böyük Britaniyada noyabr ayında İstehlakçı İnamı İndeksi -21 bənddən -18 bənd səviyyəsinə qədər yüksəlib.
Qeyd olunan nəticə avqust ayından bəri ən yüksək səviyyədir. Göstərici üç ayda ilk dəfədir ki, artıb. Analitiklərin proqnozuna əsasən indeks -22 bəndədək geriləyəcəkdi.
İstehlakçıların inamının artması Britaniyada faiz dərəcələrinin aşağı düşməsinin başlaması, maaşların artması, eləcə də, ölkə hakimiyyətinin büdcə planını dərc etməsindən sonra vergi artımı ilə bağlı narahatlığın azalması ilə əlaqələndirilir.
Güvən indeksinin bütün beş komponenti oktyabr ayı ilə müqayisədə cari ayda artıb. İstehlakçıların şəxsi maliyyə vəziyyətini qiymətləndirmə alt indeksi son bir ildə 1 bənd artaraq -9 bənd təşkil edib.
Milad bayramı mövsümü ərəfəsində istehlakçıların böyük alış-verişə pul xərcləmək istəyini qiymətləndirən göstərici 5 bənd artaraq -16 bənd olub.