DÜNYA

04 Fevral

Çin ABŞ-dan idxal olunan məhsullara rüsumlar tətbiq edir

Finss.az - Çin, ABŞ-dan idxal olunan bir sıra məhsullara yeni rüsumlar tətbiq etməyə başlayır.

Bu barədə Çin Maliyyə Nazirliyi məlumat verib. Yeni tədbirlər çərçivəsində, ABŞ-dan gələn kömür və maye təbii qaz üçün 15%, neft, kənd təsərrüfatı texnikası və bəzi avtomobillər üçün isə 10% rüsum tətbiq ediləcək.

Bundan əlavə, Çin hökuməti volfram ehtiva edən məhsullar üçün ixrac nəzarəti tədbirlərini sərtləşdirir. Bu addımlar, ABŞ-ın Çinə tətbiq etdiyi idxal rüsumlarına cavab olaraq atılır. Çin Maliyyə Nazirliyi bildirib ki, ABŞ-ın tək tərəfli olaraq tətbiq etdiyi rüsumlar Dünya Ticarət Təşkilatının qaydalarını pozur və bu, Çin ilə ABŞ arasında normal iqtisadi əlaqələri zəiflədir.

Çin həmçinin "etibarsız" təşkilatlar siyahısına PVH Corp.-u (Calvin Klein, Tommy Hilfiger və Van Heusen markalarının sahibi) və genetik test sahəsində fəaliyyət göstərən Illumina Inc.-i daxil edib.

Çin Xarici Valyuta Nəzarəti Dövlət İdarəsi (SAFE) isə ABŞ-ın Google şirkətinə qarşı antiinhisar qanunlarını pozduğu ilə bağlı araşdırma başlatdığını açıqlayıb. Google-un axtarış motoru və bir sıra xidmətləri 2010-cu ildən Çində mövcud deyil, lakin şirkət ölkədə hələ də fəaliyyətini davam etdirir.

ABŞ Prezidenti Donald Trump, 3 fevralda verdiyi açıqlamada, Pekin ilə növbəti 24 saat ərzində danışıqların baş tutacağını bildirib. Ağ Ev sözçüsü Kərolayn Levit isə bu danışıqların Tramp ilə Çin Prezidenti Si Cinpin arasında olacağını əlavə edib.

Həmçinin, Tramp 4 fevralda Meksika və Kanada mallarına tətbiq ediləcək 25%-lik rüsumun tətbiqini təxirə salıb.