DÜNYA

04 Fevral

Qazaxıstan OPEK+ öhdəliklərini yerinə yetirməyə hazırdır

Finss.az - Qazaxıstan 2025–2026-cı illərdə OPEK+ qarşısında götürdüyü öhdəlikləri tam yerinə yetirməyə və 2024-cü il üzrə artıq istehsalı kompensasiya etməyə hazır olduğunu bildirib.

Bu barədə məlumatı respublikanın Energetika Nazirliyi yayıb. Nazirlikdən verilən açıqlamada qeyd olunur ki, OPEK+ üzrə Birgə Nazirlər Monitorinq Komitəsinin 58-ci iclasının nəticələrinə əsasən, Qazaxıstan təşkilatla bağladığı sazişə sadiqliyini bir daha təsdiqləyir. “Qazaxıstan 2025 və 2026-cı illərdə öhdəliklərini yerinə yetirmək və 2024-cü il üzrə artıq hasilatı kompensasiya etmək üçün zəruri tədbirlər görəcək,” – deyə rəsmi məlumatda vurğulanıb.

Bundan əvvəl energetika naziri Almasadam Satkaliyev qeyd etmişdi ki, OPEK+ üzrə növbəti iclas gözlənilənə qədər Qazaxıstan 2025-ci il üçün neft hasilatı proqnozunu dəyişdirməyəcək. O bildirib ki, hazırda hasilatın artırılması və ya azaldılması ilə bağlı hər hansı bir tendensiya müşahidə olunmur və hökumətin müəyyən etdiyi 96,2 milyon ton hasilat planı qüvvədə qalır.

Nazirin sözlərinə görə, OPEK+ öhdəliklərinin yerinə yetirilməsi üçün ölkənin əlində bir sıra mexanizmlər var. Bunlara daxili neft yataqlarında hasilatın məhdudlaşdırılması, iri konsorsiumlarla hasilat həcmlərinin azaldılması barədə birbaşa danışıqlar aparılması və digər tədbirlər daxildir.

Qeyd edək ki, Qazaxıstanın 2025-ci il üçün 96,2 milyon ton həcmində neft hasilatı proqnozu OPEK+ öhdəlikləri nəzərə alınmadan hazırlanıb. Bununla belə, ölkə təşkilat çərçivəsində müəyyən edilmiş kvotalara əməl edəcəyini təsdiqləyib.

Xatırladaq ki, ötən il Qazaxıstan OPEK+ sazişi çərçivəsində 2025-ci ilin birinci rübü üçün gündəlik 2,2 milyon barel hasilat məhdudiyyətini uzadıb. Energetika Nazirliyi ölkənin 2025-ci ildə OPEK+ tərəfindən müəyyən edilmiş kvota çərçivəsində hasilatı davam etdirəcəyini bildirib.