DÜNYA

19 Noyabr

Rəcəb Tayyib Ərdoğan G20 liderlərinin sammitində çıxış edib

Fins.az - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Braziliyanın keçirilən G20 liderlərinin sammitində çıxış edib.

Çıxışında Qəzza məsələsinə toxunan Türkiyə prezidenti deyib:''Bir daha Qəzzada daimi atəşkəsə çağırıram''.

Prezident Rəcəb Tayyib Ərdoğan dünyada hər 10 nəfərdən birinin aclıqla mübarizə apardığını və 9 il əvvəl Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qəbul etdiyi "2030 Dayanıqlı İnkişaf Məqsədləri"nə nail olmaq üçün göstərilən səylərin hələ də gözlənilən nəticəni vermədiyini bildirib. Bu çərçivədə, Türkiyənin ehtiyacı olan hər kəsə humanitar yardım etməyi özünə borc bildiyini və dünyada bu məsələlərdə ən çox fəallıq göstərən ölkələrdən biri olduğunu vurğulayıb. Ərdoğan “Qonşuları ac ikən tox yatmamaq” şüarını mənimsəyən Türk xalqının 2015-ci ildən bu yana milli gəlirinin təxminən 1 faizini humanitar yardıma ayırdığını, bununla da Türkiyənin dünyanın ən yardımsevər ölkələri arasında yer aldığını qeyd edib.

Türkiyə prezidenti Braziliyanın "Aclıq və yoxsulluğa qarşı qlobal ittifaq" təşəbbüsünü yalnız strateji bir addım deyil, həm də mənəvi məsuliyyət kimi qəbul etdiklərini ifadə edib. O, Yaxın Şərq, Afrika və Asiyada baş verən münaqişələr nəticəsində həyatları məhv olan mülki vətəndaşların tək buraxılmaması lazım olduğunu da qeyd edib.

R.T.Ərdoğan xüsusilə Qəzza zolağında aclıq səviyyəsinin "fəlakətli" həddə çatdığını və Qəzza əhalisinin 96 faizinin, yəni 2 milyondan çox insanın qida və suya çata bilmədiyini bildirib. O, bu vəziyyətin günü-gündən pisləşdiyini və Türkiyənin bu bölgəyə 86 min tondan çox humanitar yardım göndərdiyini, habelə Livana 1300 tondan çox yardım etdiklərini açıqlayıb.