DÜNYA

14 Oktyabr

Türkiyənin 2024-cü ilin yanvar-sentyabr dövründə qonşularına ixracatı

Türkiyənin qonşuları Bolqarıstan, Gürcüstan, İran, İraq, Suriya və Yunanıstana 2024-cü ilin yanvar-sentyabr dövründəki ixracatı ötən ilin eyni dövrü ilə müqayisədə 12,6 faiz artaraq 18 milyard dollara çatıb.

Fins.az Ticarət Nazirliyi və Türkiyə İxracatçılar Məclisinin məlumatlarına əsasən, xəbər verir ki, Türkiyə sentyabr ayında 22 milyard 7 milyon dollarlıq ixracat əldə edib.

Yanvar-sentyabr aylarında ölkənin ixracatı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz artaraq 193 milyard dollara çatıb. Türkiyə bu dövrdə quru sərhədi olduğu Bolqarıstan, İran, İraq, Gürcüstan, Suriya və Yunanıstana 18 milyard 5 milyon dollarlıq ixracat həyata keçirib. Sözügedən məbləğ keçən ilin eyni dövründə 15 milyard 987 milyon 4 min dollar idi. Müvafiq olaraq bu ölkələrə ixracat ötən ilin eyni dövrü ilə müqayisədə 9 ayda 12,6 faiz artıb.

Eyni dövrdə ən çox ixracat 7 milyard 777 milyon 422 min dollarla İraqa edilib. Ondan sonra 3 milyard 180 milyon 620 min dollarla Bolqarıstan, 2 milyard 483 milyon 635 min dollarla Yunanıstan, 1 milyard 786 milyon dollarla Gürcüstan, 1 milyard 685 milyon 542 min dollarla İran və 1 milyard 92 milyon 559 min dollarla Suriya gəlir.