Fins.az-ın məlumatına görə, ABŞ Ədliyyə Nazirliyi Venesuela prezidenti Nikolas Maduro ilə əlaqəsi olan 15 məmura qarşı sanksiya tətbiq edəcək. Məhdudlaşdırıcı tədbirlər azad və ədalətli prezident seçkilərinin keçirilməsinə mane olanlara yönəlib.
Bloomberg-in əldə etdiyi sənədə əsasən, sanksiyalar seçkilərin nəticələrini saxtalaşdırmaq üçün Maduro ilə əlaqədə olan əsas liderlərə təsir edəcək. Sanksiya siyahısında Venesuela Seçki Şurası, Ali Məhkəmə və SEBIN (daxili və xarici kəşfiyyat) üzvləri yer alır. Ədliyyə Nazirliyi bu həftə sanksiyaların elan ediləcəyini bildirib.
Sanksiyalara məruz qalanlar arasında, ABŞ-ın, müxalifətə təzyiq və işgəncə verməkdə ittiham etdiyi təhlükəsizlik qüvvələrinin nümayəndələri də var. Ədliyyə Nazirliyinin sənədlərinə görə, bu şəxslər azad və ədalətli seçkilər üçün müxalifətlə hökumət arasında əldə olunan razılaşmaları pozmaqda ittiham edilir.
Venesuelada iyulun 28-də keçirilən seçkilərdə, Milli Seçki Şurasının məlumatına görə, prezident Nikolas Maduro 51,2 faiz, Edmundo Qonzales isə 44 faiz səs toplayıb. Müxalifət isə, exit-poll nəticələrinə istinadən, Qonzalesin 73% səslə qalib gəldiyini elan edib. Nəticədə ölkə boyu etirazlar başlayıb və Avropa İttifaqı Maduronu legitim prezident kimi tanımaqdan imtina edib. Sentyabrın 3-də Venesuela məhkəməsi Edmundo Qonzalesin həbsi barədə qərar çıxarıb.
Kaira Agayeva
Fins.az