DÜNYA

29 Mart

Yaponiya 112,5 trilyon yen büdcəsini təsdiqləyib

Yaponiya parlamenti 2024-cü maliyyə ili üçün 112,5 trilyon yen (744 milyard dollar) büdcəni qəbul edib.

Fins.az xəbər verir ki, Milli Assambleya 2024-cü ilin aprel-2025-ci ilin mart aylarını əhatə edəcək maliyyə ili üçün 112,5 trilyon yen büdcəsini qəbul edib.

Maliyyə naziri Suzuki Shuniçi açıqlamasında büdcənin “təxirə salınması mümkün olmayan təcili problemlərin öhdəsindən gəlməyi” hədəflədiyini bildirib.

Yaponiyanın qocalmış əhalisi nəzərə alınaraq hazırlanan yeni büdcədə sosial təminata ayrılan məbləğ diqqət çəkir.

Müvafiq olaraq, əhalinin qocalması və doğum səviyyəsinin aşağı düşməsi səbəbindən büdcənin 30%-dan çoxu sosial təminata xərclənəcək.

Sosial təminat xərclərinə 37,7 trilyon yen (249 milyard dollar), milli müdafiə xərclərinə isə 7,9 trilyon yen (52,1 milyard dollar) ayrılıb.

Zəlzələ kimi fəlakətlərə və epidemiyalara qarşı mübarizəni əhatə edən fövqəladə ehtiyat fonduna 1 trilyon yen (6,6 milyard dollar) ayrılıb.

Maliyyə ili büdcəsini maliyyələşdirmək üçün Yaponiya hökuməti 35,4 trilyon yen (233 milyard dollar) dövlət istiqrazı buraxacaq.

Günel Məlikzadə
Fins.az