ABŞ-ın maliyyə naziri Canet Yellen noyabrın 9-10-da San-Fransiskoda Çin Baş nazirinin müavini He Lifeng ilə danışıqlar aparacaq. Görüş dünyanın iki böyük iqtisadiyyatı arasında normallaşma yolunda mühüm addım kimi qiymətləndirilir.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Yellen və Henin iqtisadi inkişaflar və qlobal baxışla bağlı fikir mübadiləsi aparacaqları bildirilib.
Yellen “Washington Post” qəzetindəki məqaləsində qeyd edib ki, iki ölkə arasında diplomatiya münasibətləri sabitləşdirmək və əsas məsələlərdə irəliləyiş əldə etmək üçün nəzərdə tutulub.
İki lider daha əvvəl də görüşüb və diplomatik münasibətlərin bərpası və iqtisadi sahələrdə dialoqun davam etdirilməsi ilə bağlı danışıqlar aparıblar. Yellen iyul ayında nazir kimi ilk dəfə Çinə səfər edib və He ilə görüşlər keçirib.
Yellen və digər ABŞ rəsmilərinin bu il Çinə səfərləri və Çinin xarici işlər naziri Van Yinin Vaşinqtona səfərindən sonra Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində ABŞ prezidenti Co Bayden və Çin sədri Si Cinpinin danışıqlar aparacağı gözlənilir.
Günel Məlikzadə
Fins.az