DÜNYA

09 Oktyabr

Qazaxıstan İsraildəki vətəndaşları üçün xüsusi uçuşlar təşkil edəcək

Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsü Aybek Smadiyarov həftəlik mətbuat konfransında çoxlu mülki vətəndaşın həyatını itirdiyi İsrail və Fələstində baş verən hadisələrdən dərin narahat olduqlarını bildirib.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, Smadiyarov bildirib:

"Biz tərəfləri vəziyyəti sülh yolu ilə həll etmək üçün siyasi vasitələr axtarmağa və təkcə iki ölkə arasında deyil, bütün Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsinə səbəb ola biləcək hərəkətlərdən uzaq durmağa çağırırıq".

Digər tərəfdən Smadiyarov İsraildə baş verən hadisələrdə həyatını itirən, yaralanan və ya girov götürülən Qazaxıstan vətəndaşları ilə bağlı məlumatın olmadığını bildirib.

İndiyədək 118 Qazaxıstan vətəndaşının ölkəyə qayıtmaq üçün səfirliyə müraciət etdiyini bildirən Smadiyarov, “Air Astana” aviaşirkətinin oktyabrın 10-da bu şəxslər üçün Təl-Əvivdən Almatıya xüsusi uçuş təşkil edəcəyini bildirib.

Qazaxıstanın milli hava yolu şirkəti Air Astana daha əvvəl İsrailə bilet satışını dayandırdıqlarını və oktyabrın 8-nə planlaşdırılan Almatı-Təl-Əviv reysinin İsraildəki hərbi gərginlik səbəbindən mümkün olmadığını açıqlamışdı.

Günel Məlikzadə
Fins.az