“SP Global” bildirib ki, Avrozonada istehsal və xidmət sektorlarının kompozit biznes aktivliyi indeksi (PMI) iyul ayı ilə müqayisədə avqust ayında 48.6 bənd səviyyəsindən 47 bənd səviyyəsinə qədər azalıb.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, göstərici 33 ay ərzində minimum həddinə enib. Analitiklər indeksin yalnız 48.5 bənd səviyyəsinə qədər enəcəyini proqnoz edirdilər.
Eyni zamanda, Avrozonanın xidmət sektorunda biznes aktivliyi indeksi, ilkin hesablamalara görə, 50.9 bənddən 48.3 bəndədək, iki ilin minimum həddinə kimi, zəifləyib. Sənaye sektorunda isə 42.7 bənddən 43.7 bəndədək yüksəlib. Ekspertlər göstəricilərin müvafiq olaraq 50.5 bənd və 42.6 bənd səviyyələrinə qədər dəyişəcəklərini ehtimal edirdilər.
Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyanın sənaye və xidmət sahələrində kompozit biznes aktivliyi indeksi, ilkin hesablamalara görə, iyulda olan 48.5 bənd səviyyəsindən üç ilin minimum səviyyəsi olan 44.7 bənd səviyyəsinə qədər eniş edib. Analitiklər indeksin yalnız 48.3 bəndədək eniş edəcəyini proqnozlaşdırırdılar. Almaniyada xidmət sektorunun PMI göstəricisi 52.3 bənddən 47.3 bəndədək azalıb, sənaye sektorunda isə 38.8 bənddən 39.1 bəndədək yüksəlib. Analitiklər müvafiq olaraq 51.5 və 38.7 bənd səviyyələrində göstəricilər ehtimal edirdilər.