DÜNYA

17 Avqust

ABŞ Ukrayna taxılına yeni yol açır

Rusiya iyulda BMT və Türkiyənin vasitəçiliyi ilə Ukrayna taxılını Qara dənizdən keçirən gəmilərin mühafizəsini nəzərdə tutan “taxıl müqaviləsi”ndən çıxdı. O vaxtdan bəri Moskva Ukrayna limanlarına və taxıl infrastrukturuna hücumlarını artırıb. Rusiyanın hərbi gəmiləri və Qara dənizdəki hərbi-dəniz bazaları isə Ukraynanın hədəfinə çevrilib.

Belə bir şəraitdə Ukrayna taxılının xarici bazara çıxarılması çətinləşib. Uk­raynalı fermerlər ixrac üçün çox bahalı və mürəkkəb dolama yollar səbəbindən yığılan məhsullarının heç kimə lazım olmayacağından qorxurlar. Digər tərəf­dən bu il Ukraynada məhsul yığımı son onillikdə ən aşağı səviyyəyə düşüb. Ya­ranmış risklər o deməkdir ki, ukraynalı fermerlər yəqin ki, növbəti mövsümdə nə qədər taxıl əkəcəklərini düşünməli olacaqlar. 

Ukraynalı aqronom Aleksandr Si­voqorlo bu barədə deyib: “Saziş qüvvə­də olduğu dövrdə Misir çox böyük miq­darda taxıl alırdı. Hindistan, Çin, Yaxın Şərq ölkələri də Ukrayna taxılının əsas alıcıları idi. Ukraynada istehsal olunan taxılın ölkə daxilində cəmi 15-20 faizi is­tehlak edilir, 80 faizi isə ixraca yönəldilir. Hazırda liman infrastrukturu qismən da­ğıdılıb və blokada şəraitində məhsulları­mızı sata bilmirik. İşlədiyim təsərrüfat bu il 4 min 800 ton buğda yığıb. Rusiya Uk­raynanın başqa ölkələrə taxıl tədarük et­məsinə icazə verən sazişdən çıxdıqdan sonra onu kimə satacağımızı bilmirik”.

İndi Ukrayna taxılının xarici bazara çıxarılmasının yeganə variantı Avropa vasitəsilə daha bahalı avtomobil, dəmir yolu və çay marşrutlarıdır. Bu, qonşu ölkələrin etirazına səbəb olduğu üçün yüklərin daşınması mürəkkəb bir işə çevrilir. Yaranmış vəziyyət isə dünyada ərzaq məhsullarının qiymət artımında özünü göstərir, Türkiyə və Qərbin taxıl tədarükü sazişinin bərpası üçün səy göstərməsinə səbəb olur. Məsələn, ABŞ Rusiya tərəfindən taxıl müqaviləsi dayandırıldıqdan sonra Ukrayna taxılı­nın alternativ ixrac marşrutlarını yarat­maq üçün Türkiyə, Ukrayna və digər Şərqi Avropa ölkələri ilə danışıqlar apa­rır. Bu barədə “The Wall Street Journal” nəşri rəsmilərə istinadən yazıb. 

Bildirilir ki, Vaşinqtonun dəstəklədiyi plan Ukraynanın oktyabr ayına qədər Dunay boyunca ayda 4 milyon ton taxıl ixrac etməsinə imkan verir. Material­da qeyd olunub ki, taxılın əhəmiyyət­li hissəsi Dunay çayı boyunca, eləcə də, Qara dəniz vasitəsilə Rumıniyanın yaxınlıqdakı limanlarına göndəriləcək. Bundan sonra o, başqa istiqamətlərə aparılacaq. Nəşrin məlumatına görə, bu marşrut daha yavaş və baha olsa da, Qara dəniz dəhlizinə alternativ ola bilər. 

Nəşrin yazdığına görə, Birləşmiş Ştatlar Dunaydakı Ukrayna limanlarına gedən və çıxan gəmiləri qorumaq üçün hərbi həll yolları da daxil olmaqla bütün potensial variantları nəzərdən keçirir. Lakin bu variantları açıqlamaqdan və ya hansı ölkələrin iştirak edəcəyini söy­ləməkdən imtina edir.

Göründüyü kimi, ABŞ Ukraynadan taxıl ixracını təmin etmək üçün müxtəlif variantları, o cümlədən gəmiləri qoru­maq üçün hərbi yolu nəzərdən keçirir.

Hadisələrin bu fonunda Ukrayna ilə NATO arasında narazılıq yaranıb. Buna səbəb Şimali Atlantika Müqaviləsi Təşkilatının baş katibinin aparat rəhbə­ri Stran Yanssenin açıqlaması olub. O bildirib: “Düşünürəm ki, problemin həll yollarından biri Ukraynanın ərazilərin­dən imtina etməsi və bunun müqabilin­də NATO-ya üzv olması ola bilər. Uk­raynanın müharibədən sonrakı alyans kontekstində gələcək statusu ilə bağlı müzakirələr artıq davam edir. Xüsusilə, Kiyevin ərazisinin bir hissəsindən imtina etməsi də müzakirə mövzusudur: “Mən demirəm ki, belə olmalıdır. Amma bu, ağlabatan bir həll yolu ola bilər”.

NATO rəsmisinin açıqlamasına Uk­rayna tərəfi sərt reaksiya verib. Ukray­na Xarici İşlər Nazirliyinin nümayəndəsi Oleq Nikolenko bildirib: “Ərazilərinin bir hissəsindən imtina etmək müqabilində Ukraynanın NATO-ya daxil olması barə­də danışmaq qətiyyən qəbuledilməzdir. Həmişə güman edilirdi ki, Alyans Ukray­na kimi əraziləri alver etmir. NATO rəs­milərinin Ukraynanın öz ərazilərindən imtina etməsi ehtimalı ilə bağlı rəvayə­tin formalaşmasında şüurlu və ya şüur­suz iştirakı Rusiyanın xeyrinə işləyir”. 

Ukraynanın sərt cavabından sonra NATO Stran Yanssenin açıqlamasını şərh etməli olub: “NATO-nun mövqeyi aydındır və dəyişməzdir. Biz Ukrayna­nın suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyirik, bunu NATO liderləri iyulda Vilnüs sammitində təkrarladılar. Nə qədər vaxt aparsa da, biz Ukrayna­nı dəstəkləməyə davam edəcəyik. Biz ədalətli və davamlı sülhə nail olmaqda qərarlıyıq. Sülhün nə vaxt və hansı şərt­lərlə əldə olunacağına Ukrayna qərar verəcək. Müharibənin təkrarlanmaması üçün təhlükəsizlik tədbirlərinə ehtiyac olduğu aydındır”.

©Xalq qəzeti