DÜNYA

16 Avqust

Türkiyənin Özbəkistana hazır geyim məhsullarının ixracı artıb

Türkiyə 2023-cü ilin yanvar-iyul aylarında Özbəkistana hazır geyim məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 54,2 faiz artıraraq 22,8 milyon dollara çatdırıb.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

İyul ayında Türkiyə Özbəkistana hazır geyim məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 97,7 faiz artıraraq 3,7 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz azalaraq, 11,5 milyard dollara bərabər olub.

Bu ilin iyul ayında Türkiyə 1,6 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 3,9 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2022-iyul 2023) Türkiyə 20,3 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.