DÜNYA

26 İyun

ISW: Priqojinin qiyam və Lukaşenko ilə sövdələşməsi qeyri-müəyyən olaraq qalır

Amerika Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) ekspertləri Rusiyada qiyam cəhdinin nəticələrini və Belarus prezidenti Aleksandr Lukaşenkonun köməyi ilə ona son qoymaq üçün əldə olunan razılaşmanı təhlil ediblər.

İnstitutun son hesabatında deyilir ki, "Vaqner" silahlı qruplaşmasının qiyamının nəticələri tam aydın deyil, həmçinin Kreml və Rusiya Müdafiə Nazirliyinin "Vaqner"in şəxsi heyəti ilə nə etmək niyyətində olduğu və yaraqlılarla əməkdaşlıq edib-etməyəcəyi tam aydın deyil.

Vaqnerçilərin hərbi texnika ilə təlim düşərgələrinə qayıtması onu göstərir ki, şirkətin komanda və təşkilati strukturunun gələcəyi bəlli olmasa da, Kreml onun şəxsi heyətinin ən azı bəzi elementlərini saxlamaq niyyətindədir.

Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi üçün nəticələri müəmmalı olaraq qalır. Bəzi rus mənbələri Tula vilayətinin qubernatoru Aleksey Dyuminin Sergey Şoyqunu müdafiə naziri kimi əvəz edə biləcəyini iddia edir, baxmayaraq ki, amerikalı ekspertlər bu fərziyyələri təsdiqləyə bilmirlər.

 

 

© Xalq qəzeti