DÜNYA

22 İyun

TCMB-nin faiz qərarından sonra dolların məzənnəsi 24 TL-ni ötüb

Türkiyə Mərkəzi Bankının uçot dərəcəsi ilə bağlı qərarından sonra dollar yenidən bahalaşmağa başlayıb və 24 TL-ni ötüb.

Fins.az-ın məlumatına görə, birjalarda dolların məzənnəsi 24,31TL-yə qədər yüksəlib. Başqa sözlə, Türkiyə lirəsi bir saat ərzində 3,2%-ə yaxın ucuzlaşıb.

TCBM-nin faiz qərarına qədər son bir neçə gündə nisbətən sabitləşən dollar/TL məzənnəsinin yenidən kəskin dəyişməsi Mərkəzi Bankın gözləntiləri qarşılamaması ilə bağlıdır. Belə ki, iqtisadçılar, o cümlədən beynəlxalq maliyyə təşkilatları TCMB-nin yeni rəhbərliyinin uçot faiz dərəcəsini 20-25%-dək artıra biləcəyini proqnozlaşdırmışdı.

Türkiyə Mərkəzi Bankının (TCBM) yeni sədri Hafize Gaye Erkan isə mərhələli faiz artımına daha çox üstünlük verəcəyini göstərdi.

Xatırladaq ki, TCMB iyunun 22-də uçot dərəcəsini 8,5%-dən 15%-ə kimi artırıb.